2021-ci ilin yanvar-mart aylarında quş əti də daxil olmaqla diri çəkidə 130.4 min ton ət, 484 min ton süd, 463.7 milyon ədəd yumurta istehsal edilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3 faiz, süd istehsalı 1.8 faiz artmış, yumurta istehsalı isə 4.4 faiz azalıb.
Cari ilin yanvar-mart aylarında quşçuluq fabriklərində diri çəkidə 18.9 min ton (keçən il 19.1 min ton) quş əti və 183.6 milyon ədəd (keçən il 214.8 milyon ədəd) yumurta istehsal olunmuşdur. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 11 307.6 min baş (keçən il 13 311.7 min baş) olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 54 ədəd yumurta alınmışdır.