Dünyanın ən böyük videoyayım xidməti olan “Netflix” 2021-ci ilin birinci rübündə abunə artımının gözləniləndən daha pis olması səbəbindən kapitallaşmasının 25 milyard dollarını itirib.
Banker.az bu barədə “İnterfax”a istinadən xəbər verir.
Şirkətin hesabatından belə çıxır ki, 2021-ci ilin yanvar-mart aylarında “Netflix”in abunəçi sayı 3.98 milyon artıb. Beləliklə, birinci rübün sonunda abunəçilərin sayı 207.64 milyon nəfər olub.
“Netflix” özü abunə artımının 6. milyon olacağını gözləyib.
Xatırladaq ki, bir il əvvəl “Netflix” istifadəçilərinin sayı rekord 15.77 milyon nəfərə çatıb. Bu, koronavirus pandemiyasının yayılması, o cümlədən karantin rejiminin sərtləşdirilməsi ilə əlaqəli olub. 2020-ci ilin dördüncü rübündə yeni abunəçilərin sayı 8.5 milyon nəfər artıb.
Şirkətin proqnozuna görə, cari rübdə abunəçilərin sayı cəmi 1 milyon artacaq ki, bu da onun tarixindəki ən kiçik böyümə olacaq.
“Qısamüddətli perspektivdə Covid-19 ilə əlaqəli bəzi qeyri-müəyyənliklər qalacaq. Uzunmüddətli perspektivdə isə striminq xidmətləri dünyada adi televiziyanı əvəz edəcək”, – deyə şirkət bildirib.
Qeyd edək ki, 2021-ci ilin birinci rübündə “Netflix”in xalis mənfəəti 1.71 milyard dollar və ya səhm başına 3.75 dollar artıb. Keçən ilin analoji dövrdə bu göstərici 524.2 milyon dollar və ya səhm başına 1.19 dollar olub. Şirkətin rüblük gəliri 24.2% artaraq 7.16 milyard dollara çatıb.
Analitiklər şirkətin xalis mənfəətinin 1.36 milyard dollar təşkil edəcəyini proqnozlaşdırıblar. Hal-hazırda “Netflix” xalis mənfəətinin 1.44 milyard dollar olacağını gözləyir.
Şirkətin səhmləri 9% ucuzlaşıb, kapitallaşması isə 2021-ci ilin əvvəlindən 1.6% azalıb.