10 C
Baku
Thursday, December 12, 2024

Xaçmazda fermerlərə pomidor toxumu təqdim olunub

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin Quba-Xaçmaz iqtisadi rayonunda həyata keçirdiyi layihələr davam edir.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hazırda regionda icra edilən “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi və “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində regionda tərəvəzçilik təsərrüfatı ilə məşğul olan fermerlərə pomidor toxumları təqdim olunub.

Sözügedən hər iki layihə və Aqrar Xidmətlər Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində, Quba – Xaçmaz regionunda müəyyən edilmiş yerli fermerlərin və Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun Xaçmaz Bölgə Təcrübə Stansiyasının sahələrində beynəlxalq təcrübədən istifadə olunmaqla pomidor əkininin aparılması nəzərdə tutulur. Belə ki, fermerlərə pomidor toxumlarının paylanılması ilə yanaşı onlar üçün Azərbaycanda Zərərvericilərə qarşı inteqrir mübarizə, üzvi kənd təsərrüfatı və kimyəvi vasitələrdən düzgün istifadə qaydaları üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə tərəvəzçi fermerlər Xaçmaz DAİM-ə dəvət edilib və onlara BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının regionda həyata keçirilən layihələr haqqında məlumat verilib.

Görüşdə “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinin Quba regionu üzrə əməkdaşı Əzizağa Atakişiyev hər iki layihənin məqsəd və vəzifələri haqda məlumat verərək iştirakçıların suallarını cavablandırıb. Sonda fermerlərə toxumlar və bölgədə həyata keçirilən layihələrə dair informasiya materialları təqdim edilib.
FAO-nun həyata keçirdiyi, Avropa Ittifaqının maliyyələşdirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə ölkə üzrə 5 illik strategiya hazırlanması ilə yanaşı, 2 pilot regionda Gəncə və Quba regionlarında bu strategiyaya uyğun fəaliyyətlərin icra edilməsini nəzərdə tutur.

Eyni zamanda Qlobal Ekoloji Fondun maliyyələşdirdiyi “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində Azərbaycanda zərərvericilərə qarşı inteqrir mübarizənin təkmilləşdirilməsi, yüksək təhlükləli pestisidlərə alternativ vasitələrin təşviqi və eləcə də, köhnəlmiş pestisidlərin məhv edilməsi üçün ölkə üzrə strategiyanın hazırlanması istiqamətində işlər davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər