10 C
Baku
Thursday, December 12, 2024

DSMF gəlirlərini açıqladı

2014-cü ildə Fondun gəlirləri 2894,3 mln manat təşkil edib

Azərbaycan “2014-cü il ərzində Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib”.

Bunu DSMF-nin ötən il üçün büdcəsinin icrası ilə bağlı açıqlamasında fondun sədri Elman Mehdiyev deyib.

E.Mehdiyev vurğulayıb ki, prezidenti cənab İlham Əliyevin uğurla gerçəkləşdirdiyi islahatlar nəticəsində əldə edilmiş makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik artımı ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrinin, o cümlədən sığorta-pensiya sisteminin davamlı inkişafını təmin etməkdədir:

“Bu əsasda DSMF-nin gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2014-cü ildə də uğurla davam etdirilib”.

Fond sədri qeyd edib ki, 2014-cü ildə Fondun gəlirləri 2894,3 mln. manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 223,0 mln. manat və ya 8,3 faiz çoxdur: “Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8 mln. manat artaraq 1744,9 mln. manat təşkil edib. 2014-cü ildə sosial sığorta haqlarının 64,6 faizi və ya 1126,4 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə nisbətən 13,5 faiz və ya 134,4 mln. manat artıqdır”.

E.Mehdiyev bunun ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisi olduğunu vurğulayaraq, sosial sığorta sistemində iştirakçıların aktivliyinin artırıldığını da xüsusi qeyd edib.

Məlumat verilib ki, hesabat dövrü ərzində həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi işləri gücləndirilib. Nəticədə, 2013-cü il ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 15,1 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar 5,4 faiz artıb. Diqqətə çatdırılıb ki, büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 618,5 mln. manat təşkil edib. Hesabat dövründə dövlət büdcəsinin transferti proqnozla nəzərdə tutulduğu məbləğdə, yəni 1142,0 mln. manat həcmində Fondun hesabına daxil olub. DSMF-nin sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmaları 7,4 mln. manat təşkil edib.

Ötən il ərzində DSMF-nin xərclərinin 2868,8 mln. manat təşkil etdiyini bildirən E.Mehdiyev bunun da 2809,1 mln. manatının və yaxud 98%-nin əhaliyə ödənişlərə yönəldildiyini deyib. Qeyd olunub ki, pensiya xərcləri 2738,5 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 70,6 mln. manat təşkil edib.

Həmçinin bildirilib ki, Fondun aparatının və yerli orqanlarının saxlanılması xərcləri 22,5 mln. manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinə 17,5 mln. manat, sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər 18,6 mln. manat təşkil edib.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər