Avropa Komissiyası (AK) “AstraZeneca”ya qarşı koronavirus peyvəndlərinin Avropa Birliyinə tədarükü ilə bağlı müqavilənin pozulmasına görə istintaqa başladığını açıqlayıb.
Banker.az bu barədə “RİA Novosti” istinadən xəbər verir.
“Komissiya keçən cümə günü “AstraZeneca”ya qarşı müqavilə pozuntularına görə hüquqi proseduru başladıb. Belə ki, müqavilənin bir sıra bəndləri yerinə yetirilməyib və şirkət peyvənd tədarükünü təmin etmək üçün etibarlı strategiya irəli sürməyib. Komissiya həm öz, həm də 27 üzv dövlətin adından çıxış edir”, – deyə Brüsseldə keçirilən brifinqdə Komissiya nümayəndəsi söyləyib.
O, bütün Avropa Birliyi ölkələrinin bu addımı dəstəklədiyini bildirib.
Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası “AstraZeneca”dan koronavirusa qarşı peyvənd tədarükü ilə bağlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün bütün variantları nəzərdən keçirdiyini açıqlamışdı.
Son aylarda Avropa Birliyi peyvənd tədarükü ilə bağlı bir sıra problemlərlə üzləşib. Qeyd edək ki, tədarükdəki gecikmələr Brüsselin yayın ortalarına qədər Avropa regionu əhalisinin 70%-ni vaksinasiya etmək planını pozur.
Daha sonra “Pfizer / BioNTech” və “Moderna” çətinlikləri dəf edərək tədarükü bərpa etməyi bacarsalar da, “AstraZeneca” Avropa Birliyini peyvəndlə təmin edə bilməyib.