Məmmədov Alimpaşa Adil oğlunun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Banker.az bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir.
“Bundan başqa, Alimpaşa Məmmədovun Şəmkir rayon ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.
Alimpaşa Məmmədovun həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min – 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır. Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib”, – məlumatda qeyd olunub.