Azərbaycan Mərkəzi Bankı bu həftənin son iş günü, 30 aprel 2021-ci il tarixinə faiz dəhlizinin parametrlərinə dair mühüm qərar verir.
2021-ci ilin birinci və ikinci iclasda da requlyator faiz dərəcəsinin parametirlərinə toxunmadı. 2020-ci ilin son iclasında uçot faiz dərəcəsini 6.50 faizdən 6.25 faizə qədər endirməli olsa da, yanvarın 29-u və martın 19-u gerçəkləşən görüşdə faiz dərəcəsinin sabit saxladı.
Mərkəzi Bank son iclasda bildirmişdi ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, baza inflyasiyanın dinamikası, proqnoz horizontunda iqtisadi aktivliyin bərpası prosesləri nəzərə alınmaqla qəbul ediləcəkdir. Makroiqtisadi vəziyyətdən asılı olaraq pul siyasətinin yumşaldılması prosesinin davam etdirilməsi imkanları qiymətləndiriləcəkdir.
Azərbaycanda ixracın 90%-dən çox pay sahibi olduğu xam neftin qiyməti isə 64-67 dollar/barrel diapazonunda ticarət olunur.
Bir sıra analitiklər bildirir ki, baxmayaraq valyuta bazarı son 3 ayda sabit məcrada hərəkət edir, inflyasiya göstəriciləri faiz dərəcələrinin azaldılmasına münbit imkan yaratmır.
Bank martdakı iclasında bu məqam diqqət çəkir: “İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından bəri illik inflyasiya səviyyəsi yüksəlsə də, hədəf çərçivəsində qalmışdır. Rəsmi statistikaya görə istehlak qiymətləri indeksi fevral ayında əvvəlki aya nəzərən 1.6%, ötən ilin fevralına nəzərən 4.2% artmışdır”.
Azərbaycan Statistika orqanı 2021-ci ilin ilk rübü üçün inflyasiya rəqəmlərini açıqlayarkan ölkədə qiymətlər indeksinin 3.9% olduğunu bildirib. Göründüyü kimi inflyasiya artıq 4%-ə yaxındır. Bu artım davam edərsə Mərkəzi Bankın hədəfindən bir qədər kənara çıxmış sayıla bilər.
“Artan inflyasiya gözləntiləri fonunda faiz dərəcəsinin azaldılması ehtimalı azalır”- bunu “Unicapital İ.Ş”nin AMB-nin faiz dəhlizinə dair şərhində deyib.
“İllik 4% inflyasiya Mərkəzi Bankın əvvəlcədən təyin etdiyi ilin sonuna olan gözləntilərə uyğundur”.
AMB son iclasda, uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlamışdı.
Aprel ayında 8 valyuta hərracı gerçəkləşib. AMB-də Dövlət Neft Fondu tərəfindən 510 milyon ABŞ dolları həcmində valyuta satılıb. İlin ilk dörd ayında isə 1 milyard 992.70 milyon ABŞ dolları həcmində valyuta satmalı olub, bu da öncəki ilin eyni dövründən 61% az olması deməkdir.