9 C
Baku
Friday, December 13, 2024

Sabunçu icra başçısının fəaliyyətində nöqsanlar aşkarlanıb, ona iradlar tutulub

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtdakı istirahət parkları, bağlar və “Abad məhəllə”lərin hazırki vəziyyəti ilə bağlı video konfrans formatında müşavirə keçirilib.

BŞİH-in Mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, son illərdə Prezident İlham Əliyevin səyləri nəticəsində Bakı şəhəri parklar şəhərinə çevrilib və bu proses davam etməkdədir. Praktiki olaraq şəhərin bütün rayonlarında çoxsaylı parklar, bağlar və istirahət guşələri yaradılıb. İDEA İctimai Birliyi və şəxsən təşkilatın rəhbəri Leyla xanım Əliyevanın fəaliyyətinin nəticəsi olaraq məhəllələrarası parklar yaradılıb və bu proses inkişaf etməkdədir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, paytaxtda parkların sayı çoxaldıqca onlara göstərilən qulluğun səviyyəsi də artmalıdır. Lakin bəzən səhlənkarlıq hallarına da yol verilir. Məsələn Sabunçu rayonunda yerləşən EKO park yerli icra qurumlarının diqqətsizliyi nəticəsində baxımsız vəziyyətə düşmüşdü. Buna görə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlar tutulub. Hazırda mövcud nöqsanların aradan qaldırılması məqsədi ilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bu ərazidə müvafiq tədbirlər həyata keçirilir.

Adil Vəliyev
Adil Vəliyev
Müşavirədə ölkə başçısınin Bakı şəhərindəki park, bağ və istirahət guşələrində müvafiq şəraitin yaradılması ilə bağlı tələbləri rayon İcra Hakimiyyətləri başçılarının nəzərinə çatdırılıb. Qeyd edilib ki, hər bir rayon İcra Hakimiyyətinin başçısı ərazisindəki parkların vəziyyəti ilə bağlı məsuliyyət daşıyır. Əgər ərazidəki park şəhər və ya rayon İcra Hakimiyyətinin balansında deyilsə, bu zaman rayon rəhbəri məsələdən kənarlaşmamalı, koordinator kimi çıxış edərək mövcud problemləri həll etməlidir. Şəhər İcra Hakimiyyətinin başçısı əlavə edib ki, son vaxtlarda bəzi məmurlar problemləri həll etmək əvəzinə bir sıra bəhanələr gətirirlər ki, bu da yolverilməzdir.

Daha sonra Eldar Əzizov bildirib ki, dünyada mövcud iqtisadi vəziyyətə baxmayaraq ölkə başçısının həyata keçirdiyi siyasətin nəticəsidir ki, Azərbaycanda iqtisadi inkişaf templəri nəinki qorunub saxlanılıb, həm də yeni imkanlar yaranıb. İşğaldan azad edilmiş Qarabağda genişmiqyaslı quruculuq işlərinə başlanılıb.

“Biz isə dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərində abadlıq işlərinin templərini qorumağa və həm də əvvəl yaradılanların saxlanılmasına çalışmalı, həmçinin vətəndaşların müraciətlərinə diqqətli olmalıyıq”, – o əlavə edib.

Qeyd edilib ki, may ayının 20-dən sonra görülən işlərlə bağlı paytaxt rayonlarının İcra Hakimiyyətləri başçılarının hesabatları dinləniləcək.

Son xəbərlər
Digər xəbərlər