Türkiyə hökuməti ümumi lokdaun çərçivəsində tətbiq olunan məhdudiyyətləri genişləndirməyə qərar verib.
Banker.az bu barədə “Radiosputnik”ə istinadən xəbər verir.
“Lokdaun dövründə sıxlığın qarşısını almaq üçün 7 may tarixindən etibarən şəbəkə marketləri daxil olmaqla bütün mağazalarda yalnız qida, gigiyena, ev heyvanları və kosmetika məhsullarının satışına icazə verilir”, – deyə ölkənin Daxili İşlər Nazirliyi bildirib.
Qeyd edildiyi kimi, Türkiyədə həm də elektronika, oyuncaqlar, ofis ləvazimatları, geyim, avtomobil aksesuarları, qab-qacaq və bağ məhsullarının satışı qadağan edilib.
29 aprel tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə lokdaun elan edib. Məhdudiyyətlər 29 aprel 20:00-da qüvvəyə minib və 17 may 5:00-dək qüvvədə qalacaq. Beləliklə, bu, pandemiya başlayandan ən uzunmüddətli lokdaun olacaq.
Şəhərlərarası səyahətlər yalnız müvafiq icazə ilə mümkün olduğu bildirilib. Bundan əlavə, otel və ofislərin fəaliyyəti məhdudlaşdırılıb. Yalnız təcili yardım xidmətləri və istehsal müəssisələrinə fəaliyyəti davam tedirməyə icazə verilib.