®Paylaşmaq gözəldir – bizə həmişə belə öyrədilib. Lakin eynisini kart məlumatları haqqında söyləmək qeyri-mümkündür. Ödəniş kartları məlumatlarının kənar şəxsə ötürülməsi maliyyə təhlükəsizliyimiz üçün ciddi təhlükədir. Kart məlumatlarının təhlükəsizliyi həm bankın, həm də kart sahibinin müştərək riayət eləməli olduğu qaydalardır.
Pandemiya ilə əlaqədar son 1 ildə həm ödəniş kartlarının sayında, həm də nağdsız ödənişlərdə xeyli artım olub. Nağdsız ödənişlərin çox olması fırıldaqçılıq hallarının da artması ilə nəticələnib. Xüsusən onlayn ödəmə əməliyyatlarının vüsət aldığı dövrdə müştərinin hesabındakı vəsaitləri kibercinayətkarlıq hallarından qorumaq gündəm mövzudur.
“Rabitəbank”ın kart təhlükəsizliyi mövzusunda hazırladığı animasiya dələduzluq hallarından qorunmaq üçün təxirəsalınmaz qaydalarla tanış edir. Xoşagəlməz hallarla qarşılaşmamaq üçün qaydalar çox sadədir – kart məlumatları heç kimlə paylaşılmamalıdır! Kart məlumatı yalnız 4 rəqəmli PİN kodu məxfi saxlamaqla məhdudlaşmayıb. Elə məlumatlar var ki, onu hətta müştərisi olduğunuz bank belə soruşmur. “Rabitəbank” bununla yanaşı, müasir kiberdələduzlarının istifadə etdiyi fırıldaq üsullar haqqında da sözügedən animasiyada məlumat əks etdirib. Daha ətraflı informasiya ilə animasiyanı izləyərək tanış ola bilərsiniz.
Kartınızın təhlükədə olması ilə bağlı şübhəli hallarda “Rabitəbank”ın İnternet Bankçılıq, “Rabita Mobile” tətbiqi, “RabitaBot” çatbotu kimi rəqəmsal məhsulları sizə kömək etməyə hazırdır. Unutmayın ki, kiçik məqamlara diqqət etməklə gözlənilməz maliyyə itkilərinin qarşısını almaq mümkündür.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.