Vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər təqdim etdikləri mal və xidmətlərə görə əlavə dəyər vergisini kassa metoduna uyğun olaraq hesablayıb ödəyirlər.
Banker.az bu barədə “Vergilər.az”a istinadən xəbər verir.
Bəzən ödənişlər tam qəbul edilmədikdə vergi ödəyicilərində haqlı suallar yaranır. Həmin suallara mühasibat və vergi uçotu mütəxəssisi Mahmud Abasquliyev aydınlıq gətirir.
Tutaq ki, müəssisə mayda 100.000 manatlıq mal satıb. Məbləğin 70.000 manatı hesaba daxil olub və 30.000 manat debitor borc yaranıb. Bu zaman əlavə dəyər vergisi (ƏDV) öhdəliyi 70.000 manata görə yaranacaq. Bəs 30.000 manat nə zamana qədər debitor borc kimi saxlanıla bilər?
Vergi Məcəlləsinin 166.1.3-cü maddəsinə əsasən, təqdim edilmiş mallar (işlər, xidmətlər) üzrə yaranan debitor borclar üzrə iddia müddətinin bitdiyi vaxt ƏDV tutulan əməliyyatın vaxtı müəyyən edilir. İddia müddətinin başlanması və dayandırılması, habelə iddia müddətinin bitməsi Mülki Məcəllə ilə tənzimlənir.
Məlumat üçün qeyd edək ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on ildir. Bunda əlavə:
– müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;
– vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir;
– tələblərin ayrı-ayrı növləri üçün Mülki Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər;
– natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxtdır;
– təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri natura formasında ödənildiyi halda malı (işi, xidməti) təqdim edən şəxs üçün ƏDV tutulan əməliyyatın vaxtı təqdim edilmiş malın (işin, xidmətin) dəyərinin naturada əldə edildiyi vaxtdır.
Qanunvericilikdən aydın olur ki, həmin 30.000 manatlıq debitor borc 3 il ərzində qaytarılmazsa, məbləğ ƏDV-yə cəlb olunur və müəssisənin gəliri kimi tanınır. Bu zaman həmin məbləğ xərclər çıxıldıqdan sonra gəlir vergisinə cəlb olunur.
Sahibkarlar bir həqiqəti nəzərə almalıdırlar ki, debitor borcu uzun müddət saxlamaq onlara heç nə qazandırmır. Əksinə, belə əməliyyatlara görə həmin müəssisələr riskli vergi ödəyicilərinin siyahısına salına bilər: bu halın dövriyyənin gizlədilməsi kimi qiymətləndirilmək ehtimalı böyükdür.