13 C
Baku
Saturday, November 23, 2024

Dünya Bankı Azərbaycandakı layihəsi üzrə planlarını açıqlayıb – CƏDVƏL

Dünya Bankı ümumi dəyəri 95,88 mln. ABŞ dolları olan və bank tərəfindən 65 mln. dolların ayrılacağı “Regional əlaqələr və inkişaf” layihəsinin (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması) planını dərc edib.

Layihənin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) icra edəcək və təsdiqlənməsi 20 may 2021-ci il, başa çatması isə 31 mart 2026-cı il tarixlərində gözlənilir.

Sənəddə qeyd olunur ki, bank tərəfindən 65 mln. dollar məbləğində ayrılacaq kredit Azərbaycan tərəfindən tədricən mənimsənəcək. Belə ki, bankın 2021-ci maliyyə ilində (1 iyul 2020 – 30 iyun 2021) heç bir ödəniş gözlənilmədiyi halda, 2022-ci ildə – 11,75 mln. dollar, 2023-cü ildə – 25 mln. dollar, 2024-cü ildə – 20,5 mln. dollar, 2025-ci ildə – 5 mln. dollar, 2026-cı ildə isə 2,75 mln. dollar həcmində ödənişin olacağı gözlənilir. Layihənin ümumi riski orta səviyyəli sayılır.

Layihə dörd komponentdən ibarət olacaq. Birinci (əsas) komponent yollararası bağlantının yaxşılaşdırılmasına yönələcək və Ələt-Astara avtomobil yolunun (M3) 32,1-ci və 103,3-cü kilometrləri arasındakı hissəsinin bərpasını özündə birləşdirir. Layihənin əhatə etdiyi hissə M3 yoluna alternativ bir marşrut təqdim edilir və bu da magistral yolun gələcəkdə pullu olması üçün əsas tələblərdən biridir.

İkinci komponent yol sektorunun dayanıqlığının artması məqsədini güdür və buraya ağıllı nəqliyyat sistemlərinin tətbiqi ilə yol şəbəkəsi idarəsinin və əməliyyat səmərəliliyini artırılması və “e-tolling” (avtomatik elektron ödəniş sistemi – red.) vasitəsilə yük avtomobillərinin normadan artıq yüklənməsini nəzarətdə saxlayaraq, yolun vaxtından əvvəl sıradan çıxmasının qarşısını almaq daxildir.

Üçüncü komponent yol kənarındakı logistika və bazar obyektlərini inkişaf etdirilməsindən və yoldan aktiv istifadə edən sahibkarlar və fermerlər üçün konsaltinq və təlim təşəbbüslərindən ibarət olacaq.

Sonuncu – dördüncü komponent əsasən layihənin idarə edilməsi ilə bağlıdır və müxtəlif layihə idarəetmə funksiyalarını dəstəkləyəcək. Bura personal, maliyyə yoxlamaları və layihəni tamamlamaq üçün fərdi məsləhətçi xidmətlərinin xərcləri və həyata keçirən təşkilatın idarəetmə funksiyalarının dəstəyi daxildir.

Sənədə görə, layihənin əhatə etdiyi yol hissəsində altı körpü var. Mövcud körpülərdən beşi tamamilə dəyişdiriləcək, bir körpü bərpa ediləcək.

Layihə çərçivəsində qoyulan məqsədlərə gəldikdə, Dünya Bankı bildirir ki, nəticədə sözügedən yoldan 100 mindən çox, o cümlədən hər gün 7 min insan istifadə edəcək. Bundan əlavə, sözügedən yoldan istifadə edərək öz məhsullarını fermadan bazarlara çatdıran fermerlərin nisbətən 70 dəqiqə qənaət edəcəkləri gözlənilir. Bundan başqa, orta həcmli yük avtomobillərinin istismar xərclərində azalmasının 11%-dək azalacağı, layihə çərçivəsində yerli əhali üçün 4 000 iş yerinin açılacağı gözlənilir.

Layihənin komponentləri Layihənin məbləği, mln. $ Azərbaycan maliyyəsi mln. $ DB maliyyəsi, mln. $
Komponent 1 89,09 28,69 60,4
Komponent 2 1,48 0,48 1,0
Komponent 3 2,95 0,95 2,0
Komponent 4 2,36 0,76 1,6
Ümumi 95,88 30,88 65
MənbəAPA
Son xəbərlər
Digər xəbərlər