Azərbaycanın bank-maliyyə sektorunun tanınmış nümayəndələrindən bir Müseyib Əliyev ölkənin poçt və maliyyə operatoru olan “Azərpoçt” MMC-dəki postunu tərk edir.
Banker.az Fed.az-a İstinadla xəbər verir ki, M.Əliyev 2019-cu ildən indiyədək “Azərpoçt” MMC-də maliyyə direktoru kimi fəaliyyət göstərib.
Xatırladaq ki, Müseyib Əliyev indiyədək ölkənin bank və maliyyə sektorlarında yüksək vəzifələrdə çalışıb.
Müseyib Əliyev Azərbaycan Dövlət İqtisad İnstitutunun məzunudur, əmək fəaliyyətinə 1992-ci ilin mayında Səbail Əmanət bankında xəzinədar kimi başlayıb. 1996-ci ildən Əmanət Bankın müxtəlif şöbə və idarələrində şöbə rəisi və baş mühasib vəzifələrində işləyib.
1996–1998-ci illər “Viləşbank” KB-da İdarə Heyətinin sədri, 1998-2000-ci illərdə “RotAbank” SKB-də baş mühasib, 2000-2002-ci illər “RotAbank” SKB-də İdarə Heyətinin sədr muavini vəzifərərində çalışıb.
11.11.2002-ci il tarixdən etibarən “AtaBank” ASC-nin Daxili Auditin rəhbəri, 2004-cü ildən 2007-ci ilədək İdarə Heyətinin sədri Audit Komitəsinin sədri, 2007-ci ildən İdarə Heyəti sədrinin müavini və 2009-cu ildən isə İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.
2012-ci ilin noyabrından 2019-cu ilədək “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Əliyev Müseyib Fayaz oğlu 2001-ci ildən beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvü və “Audit Azərbaycan” İnstitutunun İdarə Heyətinin üzvüdür. 2002-ci ildən Azərbaycan Bank Tədris Mərkəzinin ekspert-müəllimidir.
2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna “Maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə aspiranturanı bitirib, 2005-ci ildə “Bazar münasibətləri şəraitində bankların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edib. Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.