“Müraciət edənlərin sayı çoxdur. Təklif olunan evlərdə az sayda boş mənzil qalıb”.
Bu sözləri açıqlamasında Azərbaycan Beynəlxalq Bankı (ABB) mətbuat xidmətinin rəhbəri Rauf Ağayev ipoteka kreditinin həcminin ciddi şəkildə artırılması ilə bağlı sualımızı cavablandırarkən dedi. Onun sözlərinə görə, ABB müstəqil şəkildə Mərkəzi Bankın tövsiyə etdiyi layihələri həyata keçirir:
“Azərbaycan Beynəlxalq Bankı tərəfindən təklif olunan ipoteka layihələri var. Məsələn, “7 Hills – 10% ilkin ödəniş, illik 10% və 15 il müddətinə, “Grand hayat” Yaşayış Kompleksi – 10% ilkin ödəniş, illik 10% və 10 il müddətinə, “Kristal Abşeron” (Xırdalan) – 20% ilkin ödəniş, illik 10% və 10 il müddətinə, “Xəzər İnşaat” (Gunəşli) – 20% ilkin ödəniş, illik 10% və 10 il müddətinə, “Qız Qalası” – 10% ilkin ödəniş, illik 10% və 10 il müddətinə ipoteka şərtləri ilə verilir.
Bundan başqa, ABB-nin İslam bankçılığı departamenti tərəfindən “7 Hills” müştərilərinə islam bankçılığının 10% ilkin ödəniş, 15 il müddətinə “İcarə” məhsulu vasitəsilə mənzil əldə etmə proqramını təklif edir. Bundan savayı digər layihələr də var”.
Bu layihələrin regionlarda da davam etdirildiyini deyən bank rəsmisi müraciət edənlərin sayının çox olduğunu və təklif olunan evlərin getdikcə sayının azaldığını bildirdi:
“Regionlarda da (ilkin olaraq Şəki-Zaqatala regionunda) bu iş davam etdirilir. Müraciət edənlərin sayı çoxdur.Təklif olunan evlərdə az sayda boş mənzil qalıb. Qeyd edim ki, evlər əsasən ABB-nin kredit vəsaitləri hesabına tikilib”.
Məlumat üçün bildirək ki, yaxın zamanda ipoteka kreditinin həcminin ciddi şəkildə artırılması nəzərdə tutulur. Bu barədə açıqlama verən Mərkəzi Bankın sədri Elman Rüstəmov ipoteka kreditinin həcminin hazırkı səviyyədən bir neçə dəfə çox artırılması barədə Maliyyə naziri Samir Şərifovla müzakirələr aparıldığını və ümumi qərar verildiyini bildirib.
Müzakirə olunan əsas dəyişiklik isə ondan ibarətdir ki, fonddan ipoteka krediti alan banklar vətəndaşlar üçün evlər tikir (və yaxud alır), həmin mənzilləri kirayə olaraq evsizlərə verir; gənclər həmin mənzillərdə kirayə haqqı ödəməklə, razılaşdırılmış müddətdən sonra evin sahibinə çevrilirlər.
Hazırda müzakirə olunan bu qaydanın dünyanın bir çox ölkələrində özünü doğrultduğu bildirilir. Bu ipoteka kreditinin üstünlüyü odur ki, ilkin ödəniş yoxdur və əməkhaqqının yüksək olması da tələb edilmir.
Axar.az-a