10 C
Baku
Thursday, December 12, 2024

Elman Rüstəmov: “Azərbaycan məsuliyyətli makroiqtisadi siyasət yürüdür”

“Bəzi iqtisadi güc mərkəzlərinin yürütdüyü məsuliyyətsiz, populist makroiqtisadi siyasət qlobal böhranın yaranmasına səbəb olub”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Ölkənin baş bankiri deyib ki, ilk olaraq ABŞ-da ipoteka böhranı kimi yaranan maliyyə böhranı tez bir zamanda qlobal tsiklik struktur böhranına çevrilib: “Bunun çox aspektləri, o cümlədən siyasi aspektləri var. Dünyanın iqtisadi güc mərkəzləri adlandırılan ölkələr (ABŞ və Avropa İttifaqına üzv olan ölkələr) yumşaq desək məsuliyyətsiz makroiqtisadi, populist siyasət həyata keçirdilər. Həm büdcə, həm monetar siyasət xarici borclanmanın çoxalmasına yönəldilmişdir. Nəticədə həm dövlətin, həm əhalinin, həm iri korporasiyaların borc yükü həddən artıq çoxalmışdır. Məsələn, bütövlükdə inkişafda olan ölkələrin toplam borc yükü onların ümumi daxili məhsulunun 107%-ə bərabərdir. ABŞ-da bu göstərici 97%-dir, Avrozonada 96%, Yaponiyada isə 250%-ə çatır. İqtisadi ədəbiyyatda buna deyilir məsuliyyətsiz makroiqtisadi siyasət, yəni gələcəyi düşünməmək, gələcək nəslin maraqlarını, mənafelərini nəzərə almamaq”.

E. Rüstəmov bildirib ki, əgər Azərbaycanda 20 il ərzində həyata keçirilən makroiqtisadi siyasətə nəzər salanda məlum olur ki, həm Ulu Öndər Heydər Əliyev, həm hazırkı ölkə başçısı İlham Əliyev xarici borc məsələsinə həssas yanaşıb. “Bu gün bizim 70 milyard dollar həcmində ehtiyatlarımız var, xarici borcumuz ÜDM-in cəmi 8%-ni təşkil edir. Bayaq toxunduğum məsələyə qayıtsaq, bir gün bu borc məsələsi partlamalı idi və partladı. Bunu ilk siqnalı ABŞ-ın ipoteka böhranı ilə gəldi. Bu proses bütövlükdə qlobal iqtisadiyyatın zəifliklərini ortalığa qoydu”, – deyə AMB rəhbəri bildirib.

O qeyd edib ki, bu prosesin tənzimlənməsi xeyli vaxt alacaq: “Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, qlobal əmtəə indeksləri son 7 ildə 30% düşüb. Bundan başqa, ərzağın qiyməti 6%, neftin qiymətlərinə bağlı olan metalın qiyməti 17% enib”.

E. Rüstəmov əlavə edib ki, tələbin azalması ABŞ, Çin və digər iqtisadi güc mərkəzlərinin iqtisadi artım tempinin xeyli aşağı düşməsinə səbəb olub.

Azərbaycan heç zaman populist siyasət yürütməyib deyən AMB rəhbəri əlavə edib ki, Azərbaycan nefti gəlirlərindən səmərəli şəkildə istifadə edir: “Neft gəlirləri əldə olunan zaman beynəlxalq maliyyə institutları tərəfindən böyük diskissiyalar aparılırdı və bizə tövsiyə edirdilər ki, bu gəlirlər düzgün xərclənməlidir, xarici bazarlarda diversifikasiya olunmalıdır, gələcək nəsillər üçün saxlanılmalıdır və sair. O zaman cənab prezident gözəl bir strategiya seçərək bildirdi ki, təbii ki, gələcək nəsillərə də vəsait saxlanılmadır, amma gələcək nəslə gözəl infrastruktur, inkişaf etmiş ölkə, modern iqtisadiyyat saxlanılmalıdır. Biz bu vəsaitinin yarıdan çoxunu istifadə edərək, ölkənin hazırkı vəziyyətə gəlməsinə nail olduq. Bu vəsaitin yarısına yaxınını isə makroiqtisadi sabitliyin qorunmasına saxladıq”.

Dünya birjalarında neftin ucuzlaşmasına toxunan E. Rüstəmov deyib ki, Azərbaycan neftin qiymətinin yüksək olduğu illərdə kontrtsiklik iqtisadi davranış göstərərək çox əhəmiyyətlə bir “maliyyə yastığı” yaradıb. “Bu maliyyə yastığının əhəmiyyəti ondan ibarətdir ki, neftin qiymətinin azaldığı vaxtda ölkə bütövlükdə öz xərclərini, makroiqtisadi sabitliyini hamarlasın, bu vəsaitlərdən istifadə etsin. Bizim kifayət qədər manevr imkanlarımız var. Bu manevr imkanları bizə cari ilin vəzifələrini yerinə yetirməyə kömək edəcək”, – deyə baş bankir qeyd edib.

Bununla yanaşı, E. Rüstəmov bildirib ki, neftin ucuzlaşması “həm tələb, həm təklif amili ilə bağlıdır”.

Neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayan E. Rüstəmov aparıcı beynəlxalq maliyyə institutlarının hesablamalarına əsaslanaraq deyib ki, “qara qızıl”ın 1 bareli 40-60 dollar civarında satılacaq.

“Qlobal böhranın başladığı 2008-ci ildən bəri Azərbaycanda iqtisadi inkişaf davam edir. Hər il olduğu kimi, 2015-ci il üçün də hədəflər çox böyükdür. Heç bir şübhə yoxdur ki, Azərbaycan iqtisadi inkişaf və makroiqtisadi sabitlik üzrə qarşıya qoyulan hədəflərə çatacaq”, – deyə o bildirib.

APA.az

Son xəbərlər
Digər xəbərlər