Almaniyanın treyderlər üçün “Trade Republic” tətbiqi son maliyyələşdirmə mərhələsində Avropanın ən bahalı fintex-startaplarından biri olub. Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
“CNBC”nin verdiyi məlumata görə, şirkət 900 milyon dollar qazanıb və 5.3 milyard dollar dəyərində qiymətləndirilib.
Qeyd edildiyi kimi, maliyyələşdirmədə “Sequoia”, “TCV” və “Thrive Capital” şirkətləri iştirak ediblər. “Creandum”un iş ortağı Johan Brenner startapa investisiya sayəsində 2020-ci ildə Avropanın ən yaxşı vençur investorları reytinqində 23-cü yeri tutub. Xatırladaq ki, dünyanın ən yaxşı vençur investorları reytinqinə daxil olmaq üçün namizədin portfelində son beş ildə IPO keçirmiş və ya 200 milyondan yüksək qiymətə satılmış şirkətlər olmalıdır.
“Trade Republic” – “Robinhood”un Avropadakı əsas rəqibidir. Sayt istifadəçilərə səhm alqı-satqısını həyata keçirməyə imkan verir. Şirkət sabit komissiyadan 1 avro (1.22 dollar) mənfəət qazanır. 2021-ci ildə “Trade Republic” platformasına kriptovalyuta xidmətini əlavə edib.
“The Republic” 2015-ci ildə qurulub və hazırda Almaniya, Fransa və Avstriyada 1 milyondan çox istifadəçiyə sahibdir. Şirkət 6 milyard dollardan çox aktiv idarə edir.