Hazırda yenidən quruluan Zooloji Parkda tunel akvarium da olacaq.
Bunu Zooloji Parkın direktoru Azər Hüseynov deyib. Onun sözlərinə görə, insanlar akvaterrariumda tuneldən keçərək başlarının üzərindən balıqların üzməsini seyr edə biləcəklər:
“Hazırki Zooloji Park ilk öncə daha geniş ərazisi ilə əvvəlkindən fərqlənir. Həm qonaqlar üçün gəzinti məkanı böyükdür, həm də heyvanların saxlanacağı yerlər daha genişdir. Burada gəzinti üçün çox maraqlı trayektoriyalar seçilib. Bunun sayəsində insanlar heyvanları müxtəlif bucaqdan görə biləcək. Əlavə olaraq uşaqların zooloji həyatı daha yaxşı tanıması üçün məkan olacaq, onlar orada qısametrajlı filmlər seyr edəcək, viktorinalar olacaq”.
A.Hüseynov heyvanat parkında əlillər üçün də müxtəlif şəraitin yaradılması ilə bağlı danışıb:
“Əlil uşaqlar üçün də Zooparkda girişdən başlayaraq, parkda gəzintiyə kimi şərait yaradılıb”
Parkın daxilində baytarlıq mərkəzinin yaradırlması da nəzərdə tutulur.
Həmçinin ponidə gəzinti üçün xüsusi məkan, yeni sanitar qovşaqlar, uşaqların kiçik və təhlükəsiz heyvanlarla birbaşa təmasının yaradılması da planlaşdırılır.
Xatırladaq ki, 2019-cu ildən fəaliyyəti müvəqqəti dayandırılan Bakı zooparkında yenidənqurma və genişləndirmə işləri aparılır. Parkın əvvəlki ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 ha olacaq. Hazırda heyvanlar müvəqqəti olaraq Qaradağ rayonuna köçürülüb.