“Azərbaycan Beynəlxalq Bankı” ASC 2020-ci il ərzində 178.96 milyon manat xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, bu barədə ABB-nin audit hesabatı barədə “E&Y” audit şirkətinin rəyində qeyd edilir.
Ölkənin ən böyük bankı yola saldığımız ötən il ərzində 442.87 milyon manat (2019: 474.41 milyon manat) faizdən gəlir əldə edib. Bankın bu növ gəlirləri 291.02 milyon manatı müştərilərə verilən kreditlər üzrə faizlərdən, 93.09 milyon manatı bank və digər maliyyə institutlarına verilən kreditlərdən, 27.6 milyon manatı “Aqrarkredit” QSC-dəki daxilolmalardan, 13.09 milyon manatı nağd pul və onların ekvivalentlərindən, 18.06 milyon manatı isə investisiya qiymətli kağızlardan olan gəlirlərdən formalaşıb. Cəmi faiz gəlirlərinin azalmasına əsas səbəb bank və kredit təşkilatlarına verilən kreditlərin 39%, “Aqrarkredit”dən daxilolmaların 42%, nağd pul vəsaitləri üzrə əməliyyatlardan 64% azalmasıdır. Məsələn, ABB-nin müştərilərə verdiyi kreditlərdən gəlirləri 24%, investisiya qiymətli kağızlardan olan gəlirləri isə 5 dəfədən çox artmışdır.
Beynəlxalq Bank 2020-ci ildə 96.45 milyon manat borc istiqrazları üzrə, 37.58 milyon manat müştəri hesabları üzrə, 4.76 milyon fondlara borclar üzrə, 1.96 milyon bank və maliyyə institutlarına borc üzrə faiz borcları ödəyib ki, bu da, 141.33 milyon manatı əhatə edir.
ABB hesabat ilində qeyri-faiz gəlirləri fərqindən sonra 242.9 milyon manat mənfəət əldə edib. Həmin mənfəətdən 63.94 milyon manat üzərində dövlətə vergi ödəyib. Nəticədə xalis mənfəəti 178.96 milyon manat xalis mənfəət əldə edilib. Öncəki ildə xalis mənfəətin həcmi 215.71 milyon manata yaxın idi.
Yeri gəlmişkən, Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair rəydə qeyd edilib ki, 2021-ci ilin dövlət büdcəsində son illərdə ilk dəfə 120 milyon manat məbləğində dividend ödəməsi nəzərdə tutulub.
Bu uğurlu göstəricinin ardından səhmləri dövlət mülkiyyətində olan bu bankın cəmi kapitalının həcmi 1 milyard 696.89 milyon manata yüksəlib.
BALANSI…
Azərbaycan Beynəlxalq Bankı 2020-ci ilin əvvəlində 9 milyard 341.74 milyon manatlıq aktivlərinin həcmi, ilin sonuna 9 milyard 204.78 milyon manata düşüb.
Bu aktivlərin 2 milyard 397.02 milyon manatı müştərilərə verilən kreditlər, 2 milyard 504.5 milyon manatı nağd pul və onların ekvivalentləri, 2 milyard 505.78 milyon manatı bank və digər maliyyə institutlarına verilən kreditlər, 576.73 milyon manatı “AqrarKredit” QSC-dəki vəsaitləri, 200.77 milyon manatı əmlakı olmuşdur.
Bankın cəmi öhdəliklərinin həcmi isə 7 milyard 507.89 milyon manata yaxındır (2019: 7 mlrd. 658.02 mln. manat). Bu öhdəliklərin 5 milyard 460.96 milyon manatı müştəri hesabları və 1 milyard 490.5 milyon manatı emissiya edilmiş istiqrazlar üzrə ümumi öhdəlikdir.