9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan “çirkli” pulların yuyulması üzrə 5-ci qiymətləndirilməsi 2020-ci ildə keçirilə bilər

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi, cinayət gəlirlərinin və digər əmlakın leqallaşdırılması və “çirkli” pulların yuyulmasına qarşı mübarizə üzrə MONEYVAL milli sisteminin beşinci qiymətləndirməsi 2020-ci ildə keçirilə bilər. Bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Trend-ə müsahibəsində deyib.

Qiymətləndirmə Avropa Şurasının “Çirkli” pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə Ekspert Komitəsi (MONEYVAL) tərəfindən FATF-ın 49 standartına uyğun (“çirkli” pulların yuyulmasına qarşı mübarizə üzrə 40 standart, terrorçuluğun maliyyələşdirilməsi üzrə 9 standart) aparılır.

Onun sözlərinə görə, hazırda beşinci raund çərçivəsində MONEYVAL üzvlərinin milli sistemlərinin qiymətləndirmə metodologiyaları müzakirə olunur.

Aslanlı bildirib ki, dördüncü raundun əsas vəzifəsi sistemlərin effektivliyinin qiymətləndirilməsindən ibarət idi.

2014-cü ilin fevralında dördüncü raund çərçivəsində MONEYVAL-ın xüsusi missiyası Azərbaycana gəldi, sentyabrda isə Strasburqda hesabat layihəsinin ilkin ikitərəfli müzakirəsi keçirildi. Dekabrda hesabat təsdiqləndi.

Dövlət Komitəsinin rəhbəri bildirib: “Hərçənd MONEYVAL katibliyi və bəzi ölkələrin nümayəndələri hesabata Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi və cinayət yolu ilə əldə olunmuş “çirkli” pulların yuyulması sahəsində sistemin effektiv olmamasına dair siyasi xarakterli dəyişikliklər etməyə çalışsa, eləcə də ölkədə xüsusi monitorinqin bərpası təklifi ilə çıxış etsələr də, Azərbaycanın nümayəndə heyətinin əsaslandırılmış dəlilləri və aydın mövqeyi sayəsində həmin təkliflər qəbul edilmədi”.

Aslanlının sözlərinə görə, Azərbaycanın nümayəndə heyəti öz sübut və dəlilləri ilə Komitənin bəzi ölkələrdən olan nümayəndələrinin öz təkliflərində ifadə etmək istədikləri vəziyyətin həqiqətəuyğun olmadığını sübut etdilər. Ona görə də AŞ Komitəsinin plenar iclasına yalnız bu sənədi təsdiqləmək qaldı.

Azərbaycan artıq 2006-cı ildən respublikaya Komitə tərəfindən tətbiq edilən xüsusi monitorinq rejiminin altında olub. Azərbaycan barəsində bu rejimin dayandırılması və adi qiymətləndirmə proseduruna 2009-cu ilin sonunda keçildi.

Aslanlı qeyd edib: “Maliyyə monitorinqi orqanları təhqiqat institutları deyil, onlar istintaq hərəkəti aparmırlar və bunlar sırf analitik institutlardır. Analiz aparmaqdan ötrü onların müəyyən məlumat bazası olmalıdır. 20 min manatdan artıq müntəzəm əməliyyatın keçirilməsinə dair hesabat maliyyə kəşfiyyatı orqanının analiz aparmaq üçün kifayət qədər bazaya malik olduğu üçün təqdim edilir. Beləliklə, əgər belə məlumat bazası olmazsa, onda maliyyə monitorinqi orqanları analitik fəaliyyət göstərə bilməzlər. Onda həmin orqan banklar haqqında məlumat toplamalıdır və s., bu, o demək deyil ki, bütün bu əməliyyatlar qanunazidd və ya şübhəlidir”.

Terrorçuluğun maliyyələşdirilməsi və “çirkli” pulların yuyulmasına dair faktlara gəldikdə, komitə rəhbəri deyib ki, bu barədə Avropa Şurasına statistika təqdim edilir: “Əgər terrorçuluğun maliyyələşdirilməsi və “çirkli” pulların yuyulmasına dair bir neçə məhkəmə qərarı varsa, bu, həmin faktların olduğunu göstərir. Lakin bu, onlarla və yüzlərlə deyil, yalnız bir neçə faktdır”

Trend

Son xəbərlər
Digər xəbərlər