Çip istehsalçıları defisit fonunda rekord $22.7 mlrd. gəlir əldə ediblər

Çip istehsalçıları defisit fonunda rekord gəlir əldə ediblər, bu barədə “TrendForce” araşdırmasına istinadən “CNBC” yazıb.

Qeyd edildiyi kimi, 2021-ci ilin birinci rübündə dünyanın on ən böyük çip istehsalçısı 22.7 milyard dollar qazanıb. Onlar sırasında “TSMC” (“Taiwan Semicounductor Manufacturing Corp”) liderlik edir. Bu şirkətin rüblük gəliri 12.9 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur.

Tayvandan olan daha bir şirkət (“United Microelectronics Corporation”) 1.6 milyard dollar gəlir əldə edib. Çinin “SMIC” şirkəti göstəricilərini 15% artıraraq gəlirini 1.1 milyard dollar səviyyəsinə çatdırıb.

Ən aşağı nəticələr “Samsung” göstərib, belə ki, Texasda pis hava şəraiti səbəbindən yerli istehsal tamamilə dayandırılıb. Nəticədə texnologiya nəhənginin gəliri 2% azalaraq 4.1 milyard dollara düşüb.

Vurğulanır ki, gəlirlə yanaşı şirkətlərin xərcləri də artır. Məsələn, təkcə “TSMC” istehsal gücünün artırılmasına 100 milyard dollar xərcləməyi planlaşdırır.

Çip defisiti müxtəlif sənaye sahələrinə təsir göstərib. “Apple”ın rəhbəri Tim Kukun sözlərinə görə, təkcə bu il korporasiya gəlirinin 4 milyard dollarını itirib. Mütəxəssislərin proqnozlarına görə, defisit 2023-cü ilədək davam edəcək.

Son xəbərlər
Digər xəbərlər