“Samsung” yeni büdcəli “Galaxy Book Go” və “Book Go 5G” noutbuklarını təqdim edib. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Qeyd edildiyi kimi, hər iki model “Qualcomm”un istehsal etdiyi “Snapdragon” prosessoru ilə təchiz edilib.
“Galaxy Book Go” modeli “Snapdragon 7ca Gen 2” prosessoru, 4 Gb və ya 8Gb operativ yaddaş, 64 Gb və ya 128 Gb fleş-yaddaş ilə təchiz edilib. Noutbukun qalınlığı 14.9 mm, çəkisi 1.38 kq, ekran ölçüsü isə 14 düym təşkil edir. “Galaxy Book Go” noutbukunun qiyməti təxminən 349 dollar təşkil edir.
“Galaxy Book Go 5G” modeli “Snapdragon Qualcomm 8cx Gen 2 5G” prosessoru ilə təchiz edilib. Şirkət bu modelin qiymətini açıqlamasa da, onun 2021-ci ilin sonunda satışa çıxacağını qeyd edir. Hər iki noutbuk sürətli şarj funksiyasını, “Galaxy” cihazları ilə sinxronizasiya, “Dolby Atmos” səs keyfiyyəti və 720p HD kamerasını dəstəkləyir.
Xatırladaq ki, 2019-cu ildə “Microsoft” “ARM” prosessoru üzərində işləyən cihazını təqdim edib- “Microsoft Surface Pro X”. Onun qiyməti 999 dollar təşkil edib.