İyunun 10-dan etibarən hava nəqliyyatı vasitəsilə 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilməsinə dair yeni tələb müəyyənləşib.
Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edib.
Qərara əsasən, 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarından və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərdən iyunun 10-dan etibarən uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd də tələb olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 aprel tarixli 2576 nömrəli Sərəncamına əsasən, 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə mayın 1-dən iyulun 5-dək aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilirdi:
– oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;
– Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;
– Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 10-dan etibarən 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin həmin sənədlərdən hər hansı biri və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışı mümkün olacaq.