Kredit ittifaqları haqqında qanuna dəyişiklik edilir.
Banker.az xəbər verir ki, Kredit İttifaqları haqqında qanuna ediləcək dəyişikliklərə əsasən, bundan sonra banklar və bank olmayan kredit təşkilatları kimi kredit ittifaqları da hər bir borc alan haqqında məlumatı mərkəzi bankın yanında mərkəzləşmiş kredit reyestirinə və kredit bürosuna təqdim edəcək.
Bununla da banklar və bank olmayan kredit təşkilatları ilə yanaşı, kredit ittifaqları da hesabatlı olacaqlar. Bu isə o deməkdir ki, qiymətləndirmə prosesinin sadələşdirilməsi, tezləşməsi büronun xidmətlərindən, xüsusilə kredit hesabatından yararlanma imkanları ilə təmin olunacaq.
– Azərbaycan Kredit Bürosunun Baş Direktoru Elçin Həbibov bildirib ki, “Kredit ittifaqları Büronun kredit hesabatına çıxış əldə edəcəklər və bununla yanaşı Büronun əlavə dəyər yaradan xidmətlərindən xüsusilə, skorinq xidmətindən də istifadə etmə imkanı qazanacaqlar. Bu isə imkan verəcəkdir ki, onlar həm də öz kredit risklərini azalda bilsinlər”.
Təklif edilən dəyişikliyə əsasən, kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyesterinə və ya kredit bürosunun məlumatların qanunda müəyyən edilmiş qayda da təqdim edilməməsinə, yaxud tam düzgün və ya vaxtında təqdim edilməməsinə görə cərimələr nəzərdə tutulub. Bu zaman vəzifəli şəxlər 150 manatdan 200 manatadək, hüquqi şəxlər isə 1000 manatdan 1200 manatadək cərimə edilə bilər.
Elçin Həbibov bildirib ki, hal-hazırda ölkədə 42 kredit ittifaqı fəaliyyət göstərir və bu yeni dəyişiklər həm də ona imkan verəcəkdir ki, müvafiq təşkilatların kredit öhdəlikləri haqqında olan məlumatlar da kredit bürosuna inteqrasiya olunsun və bütövlükdə şəxlərin öhdəlikləri haqqında daha dəqiq məlumatlar əldə etməyə imkan verəcək.