“Epic Games” və “Apple” arasındakı məhkəmə çəkişmələri çərçivəsində sonuncu zaman-zaman məhsulları ilə bağlı maraqlı faktları açıqlayır. banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Xüsusilə, bütün mübahisələrin getdiyi “App Store” haqqında. “TechCrunch” vurğulayır ki, “Analysis Group” şirkəti bu ekosistemin nə dərəcədə böyük olduğuna işıq salır.
2020-ci ildə “App Store” ekosisteminə 643 milyard dollar dəyərində ödəniş daxil olub. Bu, 2019-cu illə müqayisədə 24% çoxdur: keçən il bu rəqəm 519 milyard dollar təşkil edib.
Eyni zamanda bütün ödənişlərin 90%-i “Apple”a komissiya ödəmir. Bu o deməkdir ki, “Apple” onlardan 30% (və ya 15%) komissiya tutmur. Bu rəqəm 2019-cu ildən bəri xeyli böyüyüb: onda tətbiqlərin 85%-i komissiya ödəməyib.
Üstəlik, şirkət tətbiqdaxili reklamdan kifayət qədər çox qazanır: bu bazar 46 milyard dollar dəyərində qiymətləndirilir. Daha 86 milyard dollar “App Store” daxilində dövr edir.
Onlayn mağaza daxilində xərclənən digər pullar onlayn alış-veriş, restoranlar, taksi xidməti və s. aiddir. Bu bazar 500 milyard dollar dəyərində qiymətləndirilir.
Bütün kateqoriyalar üzrə xərclər (“Apple” bunlardan komissiya tutmur):
– Riteyl 2019-cu ildə 268 milyard dollardan 2020-ci ildə 383 milyard dollara qədər böyüyüb;
– Çatdırılma xidməti 2019-cu ildə 31 milyard dollardan 2020-ci ildə 36 milyard dollara qədər artıb;
– Məhsul sifarişi 2019-cu ildə 14 milyard dollardan 2020-ci ildə 22 milyard dollara qədər yüksəlib;
– Səyahət kateqoriyası 2019-cu ildə 57 milyard dollardan 2020-ci ildə 38 milyard dollara qədər azalıb;
– Xidmətlər 2019-cu ildə 40 milyard dollardan 2020-ci ildə 26 milyard dollara qədər düşüb.
Qeyd edək ki, “Apple” üçün ən böyük bazar Çindir (300 milyard dollar), ABŞ ikinci yeri tutur.
“App Store” – bir çox şirkətlərin biznesinin vacib hissəsidir. Tədqiqata görə, ABŞ və Avropada iOS əməliyyat sisteminə bahis edən şirkətlərin 75%-i ya birjaya çıxıb, ya da daha böyük bir şirkət tərəfindən “udulub”.