Monqolustanın hakim Xalq Partiyasının baş katibi Uxnaaqiyn Xurelsux ölkədə keçirilən prezident seçkilərində 68 % seçici səsi ilə qələbə qazanıb.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Monqolustanın Dövlət Seçki Komissiyasının ilkin məlumatlarında bildirilib.
Qeyd edilir ki, səsvermədə iştirak etmiş 1 075 000 seçicinin 820 mindən çoxu ona səs verib.
Siyahıda ikinci yerdə 242 692 səs ilə (20,1 %) “Doğru insan – elektorat” koalisiyasından Danqaasurenqiyn Enxbat qərarlaşıb. Demokrat Partiyasının nümayəndəsi Sodnomzunduyn Erdene isə seçkilərdə 72 394 səs (6,0 %) yığıb.
Qeyd edək ki, 52 yaşlı Xurelsux daha əvvəl ölkənin baş nazirinin vəzifəsini tutub.
Dövlət Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 21:30-da səsvermə hüququna malik 2 041 866 seçicidən 1 075 938 seçici səs verib, beləliklə, ölkədə seçici iştirakı 52,69 faiz təşkil edib.
Monqolustanda prezident seçkiləri dünən keçirilib.