Bu günədək aqrar sığorta çərçivəsində ümumilikdə 1,7 mln. manatdan artıq sığorta haqqı toplanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu məbləğdən 1,2 mln. manat heyvandarlıq, 500 min manatı isə bitkiçilik sektorundan toplanıb.
İyun ayına olan məlumata görə, indiyədək 2100-ə yaxın mal-qara və 11,2 min hektar əkin sahəsi sığortalanıb. Ən çox sığortalanan əkinlər – buğda, pambıq, apra və üzüm sahələridir.
Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu tərəfindən südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq) və akvakultura məhsulları (balıqlar) sığortalanır.
Yaxın vaxtlarda aqrar sığortanın əhatə dairəsi genişlənəcək, ətlik mal-qara, qoyun və keçi təsərrüfatları da sığortalanacaq, bitkilərin siyahısı isə indiki 14-dən 40-a qaldırılacaq.