10 C
Baku
Friday, December 13, 2024

Əlilliyi olan şəxslərlə bağlı Virtual İnnovasiyalar Parkı yaradılıb

“Əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələri, onların gələcək inkişaf meyllərinin müəyyən edilməsi Milli Observatoriyanın əsas vəzifələri sırasındadır”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasının iki ilinə həsr olunan mətbuat konfransında Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov bildirib. Onun sözlərinə görə, ilk belə qurum Azərbaycanda yaradılıb: “Milli Observatoriya 2019-cu ildən yaradılsa da, fəaliyyətə ötən ilin martından başlamışıq. Milli Observatoriyanın fəaliyyət istiqamətinə eləcə də iqtisadi fəal əhalinin, məşğulluğun və işsizliyin kəmiyyət tərkibinin, keyfiyyət göstəricilərinin müasir vəziyyətini, onların dəyişilməsinə təsir göstərən sosial-iqtisadi şəraitin təhlil edilməsi, bu əsasda cari və perspektiv proqnozların hazırlanması daxildir. Milli Observatoriya həmçinin iqtisadiyyatın rəqabətə davamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələbləri müəyyənləşdirə bilər. Biz 3 sahədə – demoqrafiya, əmək bazarı və sosial müdafiə sahələrində görülən işlərə dəstək göstərəcək və qərarların qəbul edilməsində iştirak edəcəyik”.

Qurumun hazırda üç layihə üzərində işlədiyini qeyd edən Elşən Əsədov bildirilib ki, əlilliyi olan şəxslərlə bağlı Virtual İnnovasiyalar Parkı adlanan layihə əsasında bu kateqoriyadan olan şəxslərin bərabər imkanlar əsasında məşğulluğu təmin olunacaq, əmək bazarına və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi həyata keçiriləcək. O, eşitmə və nitq məhdudiyyəti olan şəxslərin ünsiyyət probleminin aradan qaldırılmasına yardım edəcək proqram təminatı layihəsi və işarə dilinin rahat öyrənilməsi üçün Milli Observatoriya tərəfindən hazırlanan “Telegram” bot haqqında da məlumat verib: “Layihənin tətbiq olunması həmin şəxslərin ətrafdakı insanlarla ünsiyyətini asanlaşdıracaq, onların cəmiyyətə inteqrasiyasına yardım edəcək. Müayinə Sorğu Sistemi layihəsi çərçivəsində isə müəyyən mövzular üzrə sorğuların aparılması, toplanmış məlumatların mobil tətbiq və ya veb səhifə üzərindən sistemə göndərilməsi, əldə edilmiş məlumatların təhlil edilməsi və hesabatların hazırlanması planlaşdırılır”.

Son xəbərlər
Digər xəbərlər