Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat olub.
Nazir Rəşad Nəbiyevin əmri ilə Elmin Məmmədov nazirliyin Hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Məmmədov Elmin 1987-ci ildə Bakı şəhərində anadan olub. O, 2009-cu ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2009 – 2010-cu illərdə Almaniyanın Saarland Universitetinin Avropa İnstitutunda Avropa hüququ ixtisası üzrə magistr pilləsində təhsil alıb.
E. Məmmədov 2010-cu ildə “GRATA” Beynəlxalq Hüquq Şirkətinin Azərbaycan ofisində məsləhətçi, 2011 – 2013-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində məsləhətçi, 2013 – 2015-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xarici iqtisadi əlaqələr şöbəsində məsləhətçi və aparıcı məsləhətçi, 2015 – 2020-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində məsləhətçi, aparıcı məsləhətçi və böyük məsləhətçi vəzifələrində çalışıb. 2020-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin Konstitusiya qanunvericiliyi sektorunun baş məsləhətçisi vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq şöbəsinin əvvəlki müdiri Bəxtiyar Məmmədova isə Aparat rəhbərinin müavini vəzifəsi həvalə edilib.