“Johnson & Johnson”, eləcə də digər üç əczaçılıq şirkəti Amerikanın bir neçə ştat və şəhərinin rəhbərliyi ilə 26 milyard dollar təzminatın ödənilməsi barədə müqavilə imzalayıb.
Banker.az bu xəbər verir ki, söhbət opioid istifadəsinə görə kompensasiyadan gedir.
Qeyd edildiyi kimi, “Johnson & Johnson” 5 milyard dollar ödəyəcək, yerdə qalan 20 milyard dollar isə “McKesson”, “AmerisourceBergen” və “Cardinal Health” arasında bölünəcək.
Əczaçılıq şirkətləri “opioid böhranı” işi çərçivəsində müqavilə bağlayıblar. 2000-ci ilin əvvəllərində amerikan dərman istehsalçılarının istehlakçıların fiziki və psixoloji asılılığına səbəb olan opioidlərdən istifadə etməsi ortaya çıxıb. Bu, ölüm hallarının artmasına və reseptual analqetiklərdən normadan çox istifadə olunmasına gətirib çıxarıb.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin verdiyi məlumata görə, təkcə 2015-ci ildə tərkibində opioid olan dərmanların istifadəsinə görə 22 min insan ölüb.
Dərman istehsalçıları iki ildir razılaşma barədə danışıqlar aparır. Şirkətlər vəsaitləri opioid asılılığından əziyyət çəkən insanların dəstəyinə yönəldəcək. Bu cür dərmanlardan istifadə qurbanlarına dəstək proqramı çərçivəsində yeni müalicə metodlarının inkişafı, mütəxəssislərin ixtisaslaşdırılması və asılılıqdan qurtulmaq üçün psixoloji təlimlərin keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, daha əvvəl “Purdue” adlı əczaçılıq şirkəti opioid preparatlarının yayılmasına görə Amerika hökumətinə 4.3 milyard dollar kompensasiya ödəyib.