“Moody’s” pandemiyanın milli iqtisadiyyatlar üçün əsas nəticələrinin borc yükü, sosial gərginlik və yoxsulluq olacağını proqnozlaşdırır.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirildiyi kimi, daha çox turizmdən asılı olan ölkələr zərər çəkəcək.
Beynəlxalq reytinq agentliyi “Moody’s Investors Service” COVID-19 pandemiyası səbəbindən milli iqtisadiyyatların itkilərini qiymətləndirən hesabat yayımlayıb. Analitiklər dünyanın əksər ölkələri üçün uzunmüddətli mənfi nəticələrin olacağını proqnozlaşdırırlar, lakin onların sözlərinə görə, bəziləri böhrandan minimal ziyanla çıxa biləcəklər.
Pandemiyadan sonrakı bərpa milli iqtisadiyyatın quruluşundan, əmtəə və əmək bazarlarının pandemiya şokunun təsirlərinə uyğunlaşma qabiliyyətindən, eləcə də hökümət siyasətinin keyfiyyətindən və kütləvi peyvənd nisbətindən asılı olacaq.
Agentliyin analitikləri 2020-2023-cü illərdə real ÜDM ilə pandemiyadan öncəki ÜDM proqnozu arasındakı fərq əsasında bütün ölkələri üç qrupa bölüblər: ən az təsirlənən (2%), orta təsirlənən (6-8%) və ən çox təsirlənən (8%-dən yüksək).
Pandemiyadan ən çox təsirlənən ölkələr qrupuna Hindistan, Tunis, Şri-Lanka, Peru, Laos və Surinam daxil edilib. Mütəxəssislərin qiymətləndirmələrinə görə, Rusiya, Meksika, Braziliya və Avstraliya orta səviyyədə təsirlənib. Ən az zərər çəkənlərə isə Qərbi Avropa ölkələri, Çin və ABŞ aid edilib.