Son 2 gündə dolların bahalaşması ətrafında gedən söz-söhbətlər səngimək bilmir. Əhalini narahat edən nünaslardan biri dollarla götürdükləri kreditlərin hansı formada banklara qaytarılması və bu prosesdə onların əlavə xərcləri , digər məsələ isə ərzağın bahalaşmasıdır.
Dollar kreditlərinin banklara qaytarılması ilə bağlı saytımızda dünən vəkil Anar Qasımlı Mülki məcəllənin 439.7 maddəsinə istinad edərək bildirmişdirki, əgər müqavilədə bu halı nizamlayacaq digər maddə yoxdursa, o zaman kreditin ödənişi müqavilə müddətinə olan məzənnə ilə edə bilərsiniz. Bu məsələyə digər hüquqşünas ekspert Əkrəm Həsənovda rəy bildirmişdir. “Bəzi hörmətli həmkarlarım əhaliyə müjdə verib ki, xarici valyutada olan kreditlərini krediti aldıqları tarixdə olan valyuta məzənnəsi əsasında manatla ödəyə bilərlər.
Əslində, bu belə deyil. Çox güman ki, həmkarlarımı Mülki Məcəlləmizin qüsurlu dil üslubu və zəif qanunvericilik texnikası çaşdırıb. Belə ki, onlar Məcəllənin 439.7-ci maddəsinə istinad edirlər. Orada deyilir: “Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir”. Əlbəttə, müddəa çox primitiv şəkildə ifadə olunub. Amma hər bir halda məgər burada xarici valyutadan söhbət gedir? Xeyr. “Xarici valyuta” ifadəsi heç xatırlanmır da. Əslində, burada söhbət pul vahidinin öz dəyərindən, yəni nominal dəyərindən gedir, digər valyutalara nisbətindən yox. Pul vahidinin nominal dəyərinin dəyişməsi nədir?
Denominasiya! Yəni, məsələn, Azərbaycanda 2006-cı ildə baş vermiş son denominasiya nəticəsində 5000 manat 1 manata bərabər tutulmuşdur. Yəni pul vahidinin nominal dəyəri azalmışdır. Ümumiyyətlə, sözügedən müddəanın pul vahidinin xarici valyutaya nisbətinin, yəni valyuta məzənnəsinin dəyişməsi kimi başa düşmək texniki cəhətdən də mümkün deyil. Çünki pul vahidi eyni zamanda bir valyutaya nisbətdə bahalaşa, digərinə nisbətdə isə ucuzlaşa bilər. Onda necə olmalıdır bəs? Yaxşı, bəs sözügüdən maddədə xatırlanan “valyutanın dəyişməsi” nə deməkdir? Bu, ümumiyyətlə, pul vahidinin yox olması deməkdir.
Məsələn, tutaq ki, sabah Azərbaycan Avropa Birliyinə qoşuldu və manatı avro əvəz etdi. Yəni valyuta dəyişdi. Beləliklə, Mülki Məcəllənin 439.7-ci maddəsinin şərh edilən məsələyə heç bir aidiyyatı yoxdur. Bəs onda bu məsələ hansı norma ilə tənzimlənir? Mülki Məcəllənin 439.2-ci maddəsi ilə. Orada deyilir: “Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır”. Yəni təbii ki, xarici valyutada olan borc manatla ödənilə bilər, amma ödəniş gününə mövcud olan məzənnə əsasında. Bu, beynəlxalq aləmdə də, xarici ölkələrdə də belədir. Yeri gəlmişkən, Mülki Məcəlləmizin bu müddəası Almaniya Mülki Qanunnaməsinin 244-cü maddəsinin 2-ci bəndi və Hollandiya Mülki Məcəlləsinin 124-cü maddəsi əsasında tərtib edilib. Məsələnin məntiqi təhlili də bizi eyni nəticəyə gətirir. Əgər borcun ödənilməsi əvvəlki məzənnə əsasında həyata keçirilirsə, onda borcun xarici valyutada ifadə edilməsinə nə ehtiyac var? Axı eyni ilə banklar da deyə bilər ki, məsələn, dollarda olan əmanətləri əmanəti qəbul etdikləri gündə olan məzənnə əsasında manatla ödəyəcəklər. Təbii ki, əmanətçilər bundan haqlı olaraq narazı qalacaqlar.
Əlbəttə, Məcəllənin qüsurlarından yararlanmağa cəhd edərək banklarla dartışmaq olar. Amma böyük ehtimalla söyləmək olar ki, bu cəhd uğursuz olacaq. Konstitusiya Məhkəməsi Mülki Məcəllənin açıq-aydın olan 439.2-ci maddəsini ən azı qeyri-müəyyən olan 439.7-ci maddədən üstün tutacaq. Buna görə də nə qədər ağır olsa da, vətəndaşlarımıza bəd xəbər verməliyəm: xarici valyutada olan borclarını yeni məzənnə əsasında ödəməli olacaqlar.”