“Qlobal enerji bazarında qiymətlər də gözləniləndən daha sürətlə artır”.
Bunu Azərbaycan Mərkəzi Bankı bugünkü faiz qərarına dair şərhdə deyir.
AMB qeyd edir ki, neftə qlobal tələbin 2022-ci ildə pandemiyadan əvvəlki səviyyəyə çatacağı gözlənilir.
“Yanacaq məhsullarına tələbdəki yüksək artımla müqayisədə OPEC+ razılaşması çərçivəsində təklifin konservativ artırılması neftin qiymətinə artırıcı təsir etməkdədir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 66 ABŞ dollarını, iyulda isə 74 ABŞ dollarını üstələmişdir.
Son meyillər nəzərə alınmaqla iyulda 2021-ci il üçün cari əməliyyatlar hesabının profisitinə dair illik proqnoz yenidən yüksəlmə istiqamətində təshih edilmişdir. Əlverişli neft qiymətləri ilə yanaşı qeyri-neft ixracının da yüksək sürətlə artması tədiyə balansına müsbət təsir edir. Strateji valyuta ehtiyatları ilin əvvəlindən bəri 2.7% (1.4 mlrd. ABŞ dolları) artaraq 52.2 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlmişdir. Bu dövrdə Mərkəzi Bankın ehtiyatları 2% artaraq 6.5 mlrd. ABŞ dollarına çatmışdır”.