Bu gün Milli Məclisinin sədri Sahibə Qafarova parlamentin 53 deputatının tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.
Qeyd edək ki, Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib.
İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.