“Goldman Sachs Group” kiçik mütəxəssislərin əməkhaqqısını 30% artırıb.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Bildirildiyi kimi, təcrübəsiz analitiklərin əməkhaqqısı 85 min dollardan 110 min dollara, ən azı iki il bu şirkətdə çalışan əməkdaşların əməkhaqqısı 95 min dollardan 125 min dollara, analitik-tərəfdaşların əməkhaqqısı isə 125 min dollardan 150 min dollara yüksələcək.
Ümumilikdə, dəyişikliklər dünya üzrə 1000-dən çox işçiyə təsir edəcək. Qeyd edək ki, analitiklər və tərəfdaşlar bankların ticarətdən qazanc əldə etməsində, o cümlədən ticarət dövrlərindən sərfəli şəkildə istifadəsində böyük rol oynayır. İnvestisiya bankının kiçik mütəxəssislərinin vəzifələri şöbələrə görə dəyişir: investisiya bankçılığı, kapital bazarları, aktivlərin idarə edilməsi və s. Məsələn, analitiklərdən birləşmə və satınalmaların maliyyə nəticələrini təsvir edən slaydlar hazırlamaq istənilə bilər.
“Goldman” analitiklərinin 2021-ci ilin əvvəlində apardığı araşdırmada bankın əməkdaşlarının ortalama həftədə 95 saat işlədikləri göstərilir. İşçilər işdəki stresin onların fiziki və zehni sağlamlıqlarına zərər verdiyini bildiriblər. Buna cavab olaraq “Goldman” əlavə bankirlər işə götürəcəyini və iş vaxtına sərt şəkildə nəzarət edəcəyini söyləyib.
İnvestisiya bankı işçilərinin əməkhaqqısını artırmaqla digər bankların təcrübəsini təkrarlamış olub. Xatırladaq ki, daha əvvəl “Citigroup” və “Morgan Stanley” bankirlərin əməkhaqqısını artırdığını açıqlayıb.
“Lazım gəldikdə, işçilərimizə verdiyimiz əməkhaqqıların rəqabətli olmasını təmin edirik. Buna görə də, ən yaxşı insanlara sahib olaraq və onlara yüksək dəyər verərək, inkişaf etməyə davam edirik”, – deyə “Goldman”ın icraçı direktoru Devid Solomon analitiklərlə keçirilən görüşdə söyləyib.