BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Əfqanıstanda milyonlarla mülki şəxsin ölkədən açıq çıxış yolu tapmadığını bildirərək, qonşu ölkələri sərhədlərini açmağa çağırıb.
Komissarlığın sözçüsü Şabia Manto keçirdiyi mətbuat konfransında yanvarın əvvəlindən indiyədək Əfqanıstanda ümumilikdə 550 min nəfərin öz ev-eşiyindən didərgin düşdüyünü, ölkə içində isə didərgin olanların ümumi sayının 2,9 milyona çatdığını bildirib.
Qeyd olunub ki, dünyada 2,6 milyon əfqan qaçqın var. Qeydiyyata alınmayanların sayı isə bəlli deyil.
“BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qadınlar və qızlar da daxil olmaqla, bu dəyişən şərtlərdə mülki şəxslərə qarşı insan hüquqları pozuntuları riskindən narahatlıq keçirməyə davam edir. Təhlükədə olanların ölkədən açıq bir çıxış yolu yoxdur.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Əfqanıstana qonşu olan ölkələri bu ölkədə baş verən böhran fonunda sərhədlərini açıq saxlamağa çağırır”.