1859-cu ildə o zamanlar Rusiya imperiyasının tərkibinə daxil olan Polşanın Belostok şəhərində Ludwig Zamenhof adlı bir şəxs dünyaya gəlir. O hələ real gimnaziyada təhsil alarkən onun doğma şəhərinin müxtəlif millətlərdən olan insanlar – polşalılar, almanlar, yəhudilər ilə dolduğunu müşahidə edir. Bütün bunlar ünsiyyət problemi yaradırdı və Ludwig bütün dünya əhalisinin danışa biləcəyi süni dil yaratmaq qərarına gəlir. O daha sonradan Varşavaya köçür, klassik gimnaziyaya qəbul olur və universal dil üzərində işləməyə başlayır. Gənc bir neçə ildən sona naşir axtarışına başlayır və bu axtarış iki il davam edir.
Heç kəs anlaşılmaz dil haqqında kitab nəşr etmək istəmirdi. İlk esperanto dili dərsliyi yalnızca 1887-ci ildə buraxılır. Müəllif isə öz imzasını “Esperanto” ləqəbi ilə qeyd edirdi ki, bu da tərcümədə “ümidli” mənasını verir.
Tezliklə bu ləqəb yeni dilin adına çevrilir. Maraqlıdır ki, esperanto tezliklə dünyada populyarlıq qazanır və artıq 1905-ci ildən başlayaraq esperantistlərin beynəlxalq konqressləri keçirilir. Dilin müəllifi Zamnehof isə ədəbi əsərləri esperanto dilinə tərcümə etməyə başlayır. Belə hesab edilir ki, esperanto dilini öyrənmək üçün 150 dərs saatı kifayətdir. Lakin hazırda dünyada nə qədər insanın bu dildə danışa bildiyini demək çətindir.