Məlum olduğu kimi, bu gündən etibarən COVID-19 pasportu olmayan şəxslər ictimai iaşə müəssisələrinə, o cümlədən restoran və kafelərə buraxılmır. Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər sentyabrın 1-dən etibarən ictimai iaşə müəssisələri, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.
Kafe və restoranların bir çoxu həm də açıq havada xidmət göstərir. Bəs açıq havada xidmətdən istifadə edən vətəndaşlardan necə, COVID-19 pasportu tələb olunacaqmı?
E. Hacıyev bildirib ki, COVİD pasportu olan yaşı 18-dən yuxarı şəxslər həmin obyektlərə daxil olarkən müvafiq qaydada yoxlanılacaq: “DİN, AQTA, Dövlət Vergi Xidməti və Rayon İcra hakimiyyəti orqanlarının nümayəndələrinin birgə monitorinq qrupları tərəfindən vaxtaşırı müvafiq yoxlamalar aparılacaq. Restoranlara COVİD pasportu olmadan daxil olanlar aşkar edilərsə, , ciddi şəkildə intizam tədbirləri tətbiq olunacaq”.
E. Hacıyev onu da əlavə edib ki, Nazirlər Kabinetinin bu qərarı açıq havada fəaliyyət göstərən kafe və restoranlara aid deyil: “COVID-19 pasportu tələbi rəsmi qərara əsasən, yalnız qapalı məkanlara aiddir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 26 iyul tarixli qərarına əsasən, bu gündən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. İctimai iaşə obyektlərinə restoran və kafelər də aid edilir.
Qaydaların pozulmasına görə isə vətəndaşlar deyil, restoran, kafe və digər iaşə obyektlərinin sahibləri məsuliyyət daşıyırlar.