Yaponiya xarici işəgötürənlər üçün ən bahalı ölkələr reytinqində lider olub.
Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə “ECA International” şirkətinin tədqiqatına istinadən “CNBC” telekanalı məlumat verib. 2020-ci ildə Yaponiyada mühacirlər üçün orta xidmət paketi işəgötürənə 405 685 dollara başa gəlib. İllik sorğu işçilərini xaricə göndərmək istəyən şirkətlərə iş yerini təyin etməyə kömək edir.
Xarici işəgötürənlər üçün ən bahalı ölkələr siyahısında ikinci yeri Böyük Britaniya (404 405 dollar), üçüncü yeri Hindistan (315 696 dollar), dördüncü yeri isə Çin (285 824 dollar) tutur. Bu ölkələrdən başqa ilk beşliyə Honkonq (245 276 dollar) daxil olub. Fransa, ABŞ, İsveçrə, Argentina və Tayvan dünyanın ən bahalı ölkələr siyahısında ilk onluqda yer alıb.
“ECA International” şirkətinin regional direktoru Li Kueyn qeyd edir ki, Yaponiyanın liderliyi ilk növbədə valyuta məzənnələrinin dalğalanmasından qaynaqlanır. 2020-ci ildə yapon yeni ABŞ dollarına qarşı demək olar ki, sabit qalıb.
Ekspertlərin fikrincə, xarici işçilərin işə götürülməsinin ümumi dəyəri pandemiya səbəbindən azalıb. 2020-ci ilin nəticələrinə görə, Tayvan, Kanada və Mərakeş xidmət paketinin dəyərinin artması fonunda ilk iyirmiliyə daxil ola bilib. Məsələn, Tayvanda çalışan hər xarici işçiyə orta hesabla 10 733 dollar ödənilir. Bunun sayəsində ölkə Cənubi Koreya və Avstraliyanı keçib.