6 C
Baku
Sunday, December 15, 2024

Bakı rayonlarının bir neçə icra başçısına ciddi xəbərdarlıq edilib

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinə dair video konfrans formatında müşavirə keçirilib.

İcra Hakimiyyətindən verilən məlumata görə, videomüşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əziziov əvvəlcə 2 gün öncə Bakıya yağan yağışla bağlı yaranan problemlərə toxunub.

Bununla əlaqədar bəzi rayonların İcra Hakimiyyəti başçıları və bəzi xidmət sahələrinin rəhbərləri yol verilən nöqsanlara görə ciddi xəbərdar edilib.

Qeyd edilib ki, baxmayaraq ki, Bakı şəhərinin kanalizasiya və yağış sularını yığan şəbəkələr, körpü və yollar “Azərsu” ASC-nin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında və xidmət dairəsindədir, lakin bu İcra Hakimiyyətləri və kommunal xidmətlərinin üzərindən cavabdehliyi götürmür. İcra başçıları “Azərsu” ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verməklə özlərini kənarlaşdırmamalı, rayonlarda zəif yerləri müəyyən edərək, koordinator kimi çıxış etməli və həmin qurumlarla birgə mövcud problemləri aradan qaldırmalıdırlar.

Müşavirədə paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb və aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.

Həmçinin qeyd edilib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihənin icrası uğurla həyata keçirilir. Bu layihə çərçivəsində ölkə başçısının qərarı ilə Bakı şəhərinin kommunal xidmət strukturları lazımı xüsusi təyinatlı müxtəlif texnika ilə təmin olunur və bu istiqamətdə aparılan işlər davam edir. Ən əsası bu texnika və avadanlıqlardan səmərəli istifadə etmək lazımdır.

Eldar Əzizov xüsusi olaraq vurğulayıb ki, Azərbaycan tarixinin son 200 ili ərzində xalqımız öz əzəli düşməni üzərində ilk böyük qələbəsini qazanıb. Düşmən həmin düşməndir, xalq da həmin xalqdır. Lakin qazanılan bu qələbəmizin kökündə şəxsiyyət faktoru – Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsiyyət faktoru durur. Qazanılan bu Şanlı Qələbə ölkə başçısının dahi intellekti və müdrik siyasət sayəsində əldə olunub.

Müşavirədə həmçinin qarşıdan gələn Zəfər Gününə hazırlıq məsələləri müzakirə edilib, həmin gün ərəfəsində nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər