“Bu gün həm Cəbrayılda, həm də işləri artıq başlanan Ağdamda, Şuşada ən yüksək səviyyəli işlər görüləcək. Mən bu işləri hər hansı bir başqa standartlarla müqayisə etmək istəmirəm, çünki o, şəhərsalma işlərində mövcud deyil. Bu praktika şəhərsalma işlərində birinci praktikadır və biz dünyanın ən gözəl təcrübəsini gətirmişik”.
Bu barədə Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, əgər Ulu Öndər bu ölkənin təməlini düzgün qoymasaydı və dövlətçilik qurmasaydı, bu gün Zəfərdən söhbət gedə bilməzdi. Azərbaycan xalqı müdriklik göstərib, 2003-cü ildə və ondan sonrakı illərdə onun siyasətinə səs verib.
“Bütün təzyiqlərə, hədə-qorxulara, təhqirlərə, yalanlara, uydurmalara baxmayaraq, biz bu yoldan dönmədik. Neçə dəfə bizi devirmək istəmişdilər? Bunu Azərbaycan xalqı yaxşı bilir, bunu mən yaxşı bilirəm, çünki bəzi xarici dairələr bəzi yerli satqınların əli ilə məni devirmək istəyirdilər. Alınmadı. Nə üçün? Xalq dəstəkləmədi”, – deyə Azərbaycan Prezidenti əlavə edib.