Dünyanın bütün ölkələrinin suveren dövlət borcu 88 trilyon dollara çatıb. Bu, qlobal ümumi daxili məhsulun (ÜDM) demək olar ki, 100%-ni təşkil edir.
Banker.az xəbər verir ki, beynəlxalq Valyuta Fondunun (BVF) iqtisadçıları 2021-ci ilin sonuna qədər bu göstəricinin sabitləşəcəyini proqnozlaşdırırlar.
Xatırladaq ki, daha əvvəl Beynəlxalq Maliyyə İnstitutu (IIF) dünya ölkələrinin təxminən 300 trilyon dollar borcu olduğunu yazmışdı. Bu məbləğə təkcə dövlət borcu daxil olmamışdı.
“Dövlət borcu hal-hazırda 88 trilyon dollardır və bu məbləğ ÜDM-in 100%-nə yaxındır. 2021- və 2022-ci illərdə dövlət borcunun hər il təxminən 1 faiz bəndi azalması və ÜDM-in 97%-i səviyyəsində sabitləşməsi gözlənilir”, – BVF-in açıqlamasında deyilir.
Təşkilat koronavirus pandemiyası kontekstində bütün ölkələri maliyyə siyasətini hər bir dövlətin özünəməxsus şərtlərinə uyğunlaşdırmağa çağırıb. Mütəxəssislər vaksinasiyanın sürətini və epidemiyadan sonra iqtisadi bərpa uğurlarını nəzərə almağı tövsiyə ediblər.
Sentyabr ayında Beynəlxalq Maliyyə İnstitutu qlobal borcun ən yüksək səviyyəyə çatdığını və 2021-ci ilin ikinci rübündə 296 trilyon dollar təşkil edəcəyini bildirmişdi. Göstərici hökumətlərin, bankların, korporasiyaların və ev təsərrüfatlarının borclarını nəzərə alıb.