“Bir neçə bankın bağlanacağı ilə bağlı məlumat yayan da, heç bir bank bağlanmayacaq açıqlamasını verən də Mərkəzi Bankdır. İndiki halda bankların hansı səbəbdən bağlanmadığını demək çətindir. Əgər hansısa kommersiya bankı məcmu kapitalı yerinə yetirə bilməyibsə, mütləq həmin bank bağlanmalıdır. Çünki məcmu kapitalı 50 milyona çatmayan bankların süni şəkildə saxlanması doğru və arzuolunan deyil. Mərkəzi Bankın öz açıqlamasını təkzib etməsini izah etməyin iqtisadi əsasları yoxdur”.
Bunu açıqlamasında iqtisadçı Vüqar Bayramov Milli Məclisin martın 15-də keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin rəhbəri Elman Rüstəmovun “heç bir bank bağlanmayacaq” fikrinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, iqtisadi cəhətdən bankların nə üçün bağlanmayacağını şərh etmək çətindir: “Əhalinin banklarda olan əmanətlərinin həcmi 7 milyarddan artıqdır və əmanətlərin 70 faizdən çoxu özəl bankların payına düşür. Bildiyiniz kimi, Azərbaycanda bir dövlət bankı var, bu da Beynəlxalq Bankdır və əmanətlərin təxminən 30 faizi də məhz bu bankın payına düşür”.
Ekspertin sözlərinə görə, hazırda bağlanmaq təhlükəsi olan 3 bankda heç də vətəndaşların daha çox əmanətləri saxlanmır:
“Daha çox əmanətlərin olduğu bankların bağlanmaq təhlükəsi yoxdur. Hətta kiçik məbləğdə əmanətlərin olduğu bankın bağlanması belə bütün hallarda arzuolunan deyil. Amma bank öhdəliyi yerinə yetirə bilmirsə, bu zaman həmin əmanətlərin taleyilə bağlı düşünməyə ehtiyac var, nəinki həmin bankların fəaliyyətinə davam edilməsinə imkan verilməsi. Çünki bütün hallarda həmin banklar müəyyən müddətdən sonra başqa funksiyaların da yerinə yetirilməsində də problemlər yaşayacaq”.
İqtisadçı onu da vurğulayıb ki, bəzi ekspertlərin bildirdiyi kimi, əmanətlərlə bağlı hər hansı problem yoxdur: “Bütövlükdə əmanətlərlə bağlı hər hansı böyük risk yoxdur. Yaxşı olardı ki, Mərkəzi Bank hər bir əmanətin taleyini və əmanət sahibi üçün əhəmiyyətini nəzərə alaraq o bankların bağlanmasını həyata keçirsin.
Düşünürəm ki, birmənalı şəkildə məcmu kapitalın öhdəliklərinin yerinə yetirilməsində problemləri olan bankların lisenziyalarının geri alınması və həmin əmanətlərin digər banklar tərəfindən ödənilməsi məsələlərini müzakirə etmək lazımdır”.
Modern.az
Comments are closed.