14 C
Baku
Saturday, November 23, 2024

Putin indiki kapitalizm modelini yararsız adlandırıb

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, mövcud kapitalizm modeli yeni çağırışlara cavab vermək və qarışıq ziddiyyətləri həll etmək iqtidarında deyil.

Banker.az xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, hətta ən zəngin ölkələrdə və regionlarda belə varlılarla kasıblar arasındakı uçurum getdikcə genişlənir. Bununla yanaşı, dünyada aclıq problemi daha da şiddətlənir.

Oktyabrın 21-də Putin “Valday” klubunun 18 illik toplantısında plenar iclasda çıxış edib. Yayım “Rossiya 24” telekanalında olub.

Kapitalizm modeli köhnəlib

“Hamı deyir ki, bu gün əksər ölkələrdə sosial quruluşun əsasını təşkil edən kapitalizm modeli özünü tükəndirib. Bu çərçivədə dolaşıqlıqdan çıxış yolu yoxdur”, – deyə prezident söyləyib.

O, bəşəriyyətin sosial-iqtisadi problemlərinin dünya miqyasında sarsıntılar yaşanacaq dərəcədə kəskinləşdiyini qeyd edib. Hətta ən zəngin ölkələrdə və regionlarda maddi sərvətlərin qeyri-bərabər paylanması səbəbindən insanlar və bütövlükdə ölkələr arasında bərabərsizlik artmaqdadır.

Aclıq və terrorizm

Putinin sözlərinə görə, qlobal ərzaq böhranının daha da pisləşəcəyini düşünmək üçün bütün əsaslar var.

“Bir sıra dövlətlərdə və hətta regionlarda qida böhranı vaxtaşırı baş versə də, onun yaxın gələcəkdə daha da pisləşəcəyini və aşırı formalara çata biləcəyini düşünmək üçün əsas var”, – deyə prezident xəbərdarlıq edib.

Dövlət başçısı pandemiya fonunda yoxsulluq, yüksək səviyyədə işsizlik və ya keyfiyyətli dərman çatışmazlığı problemlərinin də ağırlaşdığını qeyd edib. Geridə qalan ölkələr bütün bunları görür və dünya liderlərinin həyat səviyyəsinə çata biləcəklərinə inamı itirir.

“Məyusluq təcavüzə səbəb olur, insanları ekstremistlər sırasına sürükləyir və əsassız, heç vaxt gerçəkləşməyəcək gözləntilər hissi yaradır. Yalnız özün deyil, övladların üçün də heç bir həyat perspektivlərinin olmaması hissi. Bu, daha yaxşı həyat axtarışına, nəzarətsiz miqrasiyaya səbəb olur, nəticədə dövlətlərdə sosial narazılıq üçün ilkin şərtlər formalaşır”, – deyə Putin izah edib.

Pandemiya insanları bir-birindən ayırıb

Prezidenti xatırladıb ki, dünyada 4.9 milyondan çox insan koronavirus infeksiyasından ölüb. Onun sözlərinə görə, bu rəqəmlər hətta Birinci Dünya müharibəsinin əsas iştirakçılarının hərbi itkilərini üstələyir. Pandemiya insanları birləşdirməli olsa da, əksinə, ayırıb.

“Humanitar nöqteyi-nəzərindən – indi Rusiyanı nəzərdə tutmuram – amma sanksiyalar beynəlxalq yardıma çox ehtiyacı olan dövlətlərə qarşı tətbiq edilir. Bəs Qərb siyasi düşüncəsinin humanist prinsipləri haradadır? Əslində məlum olur ki, ortada heç nə yoxdur, ancaq boş-boş söhbətlərdir. Səthdə görünən budur”, – dövlət başçısı açıqlayıb.

O, koronavirus infeksiyasının “sosial narazılıq” üçün əlavə bir səbəb olduğunu qeyd edib.

Son xəbərlər
Digər xəbərlər