Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında beynəlxalq təşkilatlar, Azərbaycanda fəaliyyət göstərən səfirliklər və yerli QHT nümayəndələrinin iştirakı ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydası” və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası” sənədlərinin layihəsi müzakirə edilib.
Şuranın mətbuat xidmətindən verilən məlumata görə, müzakirəni açan Şura sədri Azay Quliyev sənəd layihələrinin xarici donorların Azərbaycanda fəaliyyətini beynəlxalq hüquq normaları çərçivəsində tənzimləmək və bu yöndə şəffaflığı artırmaq məqsədi daşıdığını bildirib. A.Quliyev müzakirədə səslənəcək təkliflərin sənəd layihələrinin təkmilləşdirilməsi üçün vacib olduğunu vurğulayıb.
Ədliyyə Nazirliyi Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov təqdim edilmiş sənəd layihələrinin “Qrant haqqında” qanun və donorluq fəaliyyətinə aid başqa normativ hüquqi aktlar əsasında hazırlandığını qeyd edib.
Çıxış edən beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri – Məhəmməd Quluzadə (Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz), Derek Hoqan (ABŞ səfirliyi), Olli Noroyono (Asiya İnkişaf Bankı), Aleksandra Nerisanu (Avropa İttifaqı Bakı Ofisi), Özlem Canel (Hollandiya səfirliyi), eləcə də yerli QHT rəhbərləri Razi Nurullayev, Azər Həsrət, Rufiz Qonaqov, Əliməmməd Nuriyev, Rəfail Becanov, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Sahib Məmmədov və başqaları sənəd layihələri ilə bağlı öz fikir və təkliflərini bildirdilər.
Ədliyyə Nazirliyi Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi R.Rəhimov çıxışlarda səslənmiş təklifləri şərh edərək verilmiş sualları ətraflı cavablandırıb.
Müzakirələrə yekun vuran Şura sədri A.Quliyev sənəd layihələrinin daha da təkmilləşdirilməsi üçün səslənmiş bütün təkliflərin diqqətlə öyrəniləcəyini və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yekun variantın beynəlxalq donor və digər təşkilatlara təqdim ediləcəyini diqqətə çatdırıb.
Trend