Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya və Böyük Britaniyaya səfər edəcək.
Bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, dövlət başçısı oktyabrın 30-31-də İtaliyaya səfər edəcək və burada “Böyük İyirmilik” (G20) ölkələrinin liderlərinin Roma sammitində iştirak edəcək.
G20 sammitində liderlər koronavirus pandemiyası fonunda qlobal iqtisadiyyatı bərpa etməyin yollarını, iqlim dəyişikliyi, ekologiya, davamlı inkişaf və miqrant böhranını müzakirə edəcəklər. Dövlət başçıları bu problemlər fonunda G20-nin rolu barədə fikir mübadiləsi aparacaqlar.
Noyabrın 1-2-də isə Türkiyə lideri Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün Böyük Britaniyada olacaq.
Ərdoğan forumun ilk günündə BMT-nin İqlim Dəyişikliyi Konfransının iştirakçıları qarşısında çıxış edəcək.
Qeyd olunan sammitlər çərçivəsində Türkiyə Prezidentinin bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri gözlənilir.