®Xəbər verdiyimiz kimi, “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirməyə başlayıb. Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilir.
Bu dəfə ağacəkmə layihəsi PAŞA Bank ilə birgə Lənkəran və Astara da həyata keçirildi. Lənkəranda 252 ədəd tükənməkdə olan dəmirağac növü, Astarada isə 124 ədəd sərv ağacı əkilib. Tədbirdə PAŞA Bank-ın əməkdaşları, “Qırmızı Ürəklər” Fondunun üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak edib. Ağacəkmə aksiyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə keçirilib.
Noyabr ayında da davam edəcək layihə PAŞA Holdinq ilə birgə Quba və Xaçmazda, Kapital Bank-la isə Biləsuvar və Cəlilabadda təşkil olunacaq. Bu aksiyalar zamanı 1000-dək ağacın əkilməsi planlaşdırılır.
“Vətən Bağı” əsasən insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunur. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları və “Qırmızı Ürəklər” Fondu tərəfindən həyata keçirilir.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. Ətraflı məlumat üçün – www.redhearts.az.