“Qazprom” şirkəti və “Moldovaqaz” Rusiya qazının Moldovaya tədarükü ilə bağlı müqaviləni daha beş il müddətinə uzadıb.
Bu barədə “Qazprom” məlumat yayıb.
Müqaviləyə əsasən, qaz tədarükü noyabrın 1-dən başlayacaq.
Məlumata görə, Moldova “Qazprom”la qazı bazar qiymətlərindən aşağı qiymətə tədarük etməyə razılaşıb. Bu ay isə Moldova qazı bazar qiyməti ilə idxal edir – 1 000 kubmetr üçün təxminən 790 ABŞ dolları. Keçən il ölkə eyni həcm üçün orta hesabla 148 dollar ödəyib.
Moldovanın İnfrastruktur Nazirliyindən verilən məlumata görə, tərəflər qiymətin hesablanması düsturu, eləcə də ölkənbin yanacağa olan borcunun ödənilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, sentyabrın 30-da “Qazprom” və “Moldovaqaz” Moldova istehlakçılarına Rusiya qazının tədarükü üzrə mövcud müqavilənin 2021-ci il oktyabrın 1-dən bir ay müddətinə uzadılması barədə razılaşma imzalayıb.
Moldovanın təbii qaza illik tələbatı təxminən 2,9 milyard kubmetr qiymətləndirilir. Bu, gündə orta hesabla 8 milyon kubmetr qaz deməkdir.