Bazar günü axşam səhər yenə işə getmək barədə düşünündə, əsəbiləşirsiniz? Bazar ertəsi isə oyanırsız və böyük iradə hesabına özünüzü evdən çıxarırsız? Güzgüdə əldən düşmüş, yorulmuş adam görürsüz? Bilin, siz “peşəyə qarşı sönmək sindromu” ilə qarşılaşmısız.
Mütəxəssislər çox vaxt bu əlaməti “sönmək” adlandırırlar. Mənə elə gəlir ki, bu halda “yanıb qurtarma” sözü daha uyğun olardı. İnsan xalça kimi gün altında solmur, o elektrik lampası kimi yanır. Həvəslə öz işinə yanır və birdən maraq və stimulların sönməsi baş verir.
Yanmanın mümkün əlamətləri:
- öz əməyinizin nəticələrinin əhəmiyyətsizliyi və onun mənasızlığı;
- xroniki yorğunluq (istirahət günləri ərzində fəaliyyət gücü bərpa olmur);
- laqeydlik hissi (əvvəllər sevindirən fəaliyyətə laqeydlik);
- həmkarlarla münasibətdə hirslənmə və müştərilərə qarşı dözümsüzlük;
- öz qüvvəinizə inamsızlıq hissi, öz səriştənizi hiss etmək və öz peşə qabiliyyətinizi itirmək qorxusu;
- daim, boş vaxtıda da iş barədə sizi tərk etməyən mənfi fikirlər…
Hələ bu yaxınlarda siz həvəslə işə gedirdiniz və fəal olaraq prosesə qoşulurdunuz. Və birdən-birə siz tez-tez özünüzə sual verməyə başladınız: mən nə fayda gətirirəm, bütün bunlar kimə lazımdır və mən fəaliyyətim sayəsində müsbət tərəfə dəyişirəmmi?
Və öz işinizin mənası mövzusunda düşünməkdən yorulanda, ruh düşkünlüyü və işdən uzaqlaşma hissi gəlir. Siz öyrəşdiyiniz iş yerinizdə oturarkən qəfil müşahidəçi olursuz. Həmkarlarınıza və gün ərzində olan hadisələrə kənardan baxan kimi görünürsüz.
Bu sizin fiziki və emosional yorulmağınız deməkdir. Və tamamilə təbiidir ki, xroniki yorğunluq halında sizin işinizin səmərəliliyi azalır.
Siz hamını və hər şeyi tənqid edirsiz. Tez-tez rəhbərliyin, həmkarların, müştərilərin, öz vəzifə öhdəliklərinizin ünvanına mənfi fikir deyirsiz. Və əgər emosional yorğunluq qadına daha çox xas olan haldırsa (inilti, deyinmək), kişiyə bu dövrdə qəzəbdən, kinayədən, snobizmdən, kimin isə ünvanına abırsız sözlər deməkdən özünü saxlamaq çətindir.
Və bu ilk növbədə səhhətiniz üçün pisdir. Xroniki yorğunluq ağır xəstəliklərə, əsəbilik və narazılıq isə tez-tez narahat edən baş ağrılarına, asteniya və yuxusuzluğa gətirə bilər.
Bu, sizin özünüzün kollektivdən və işdən ayrılma mexanizmini işə salmağınızla da təhlükəlidir. Çünki fikir maddidir, siz müntəzəm olaraq narazlılıq bildirməyinizlə qiymətləndirdiyiniz şeydən könüllü olaraq imtina edirsiz. Və tezliklə hər bir səbəbdən yerinizi itirə bilərsiniz: layihə bağlanar, gözlənilmədən ixtisara düşə bilərsiniz. Və bu zaman məhz sizi bayıra atacaqlar. Əslində isə, əsas səbəb sizin öz şəxsi qərarınız və seçiminiz olacaq. Və bu səbəbdən, fikirlərinizdə və ifadələrinizdə ehtiyatlı olmalısınız.
Təhlükə ondan ibarətdir ki, siz özünüzü hər şeyin pis olduğuna o dərəcədə inandıra bilərsiniz ki, gələcəkdə heç bir xarici dəyişikliklər (əmək haqqının artırılması, iş şəraitinin yaxşılaşdırılması, rəhbər tərəfdən xeyirxah diqqət) sizi bu iş yerində saxlaya bilməz. İnsan karyerasını öz əli, daha doğrusu, fikirləri və danışıqları ilə məhv edə bilər.
Sözsüz ki, sönmə ən əvvəl illərlə öz işinə bağlı adamlara xas olan xüsusiyyətdır. Lakin bunu, onlar üçün işin narkotikə çevrildiyi insanların taleyinə düşməkləri kimi qəbul etmək lazım deyil. Bu sindroma hər il işini yanmağın ilk əlamətini hiss edən, yaxud hələ yanma mərhələsində sadəcə işin artıq öyrəşdikləri ləzzəti verməyədiyini duyanlar da məruz qalırlar.
Yanmanın mümkün olan xarici səbəbləri:
- rəhbərliklə yaxud həmkarlarla pozulmuş münasibətlər;
- insanlarla müntəzəm və yorğunluğa səbəb olan ünsiyyət;
- uzun müddət ərzində stimulların (əmək haqqının artması və karyera pillələri ilə irəliləmə şəkilində) olmaması;
- həddən artıq yüklənmələr (qarşıda qoyulmuş məqsədə çatmaqla əlaqədar);
- mənanın itməsı (arzu olunan mövqeyə çatdıqdan sonra);
- işin ətalətliyi, ətalətlə yaşamaq;
- gələcək perspektivlərin görünməməsi;
- karyera və şəxsi həyat arasında tarazılığın pozulması (həyat ancaq iş ilə məhdudlaşıb)…
Mütəxəssislərin fikirincə, əsas səbəblərdən biri iş prinsipləri və insanların şəxsi arzuları arasında olan ziddiyyətlərdir. İnsana özünə lazım olan istiqamətdə inkişaf etməsini başa düşmək vacibdir. Əgər iş daim ardıcıllıqla təkrarlanan eyni hərəkətlərə çevrilirsə, bu ağır yükü çiyinlərinizdən tezliklə atmaq istəyirsiniz. Ətalət çox yorur.
Karyera (sevgi, ailə, dostluq kimi) daim səmimiliyi, özünü işə həsr etmə, öz işinə daim nə isə yenilik gətirməyə səmimi həvəsi nəzərdə tutur.
Hətta ancaq pul üçün işlədiklərini düşünənlər üçün, öz işlərinin mənalı olmasını hiss etmələri əhəmiyyətlidir. Əks halda, məmnunluq hissi olmayacaq. Əgər sizin fikrinizcə, hər gün mənasız məsələlərin həlli ilə qarşılaşırsınızsa, bu halda “qıcqırırsız”. Hər hansı bir böyük işə aid olduğunuzu başa düşdükdə ruhlanırsız və peşənizdə növbəti yüksəklikləri fəth etmək üçün güc alırsız.
Əslində tabeçiliyində olanların işə olan maraqlarının qoruyub saxlamalarına nəzarət etmək və qayğısına qalmaq işəgötürənin vəzifəsidir. O, işçini əməyə həvəsləndirməlidir.
Motivasiyanın mümkün variantları:
- işçilərin böyük olmayan məqsədləri nail olduğu zaman müntəzəm surətdə onların işlənib hazırlanması, buna görə işçilərin mükafatlandırılması, təşəbbüsün həvəsləndirilməsi;
- təcrübə mübadiləsi tapşırığı, daha gənc əməkdaş üzərində rəhbərlik;
- əmək haqqının artırılması (maddi mükafatlandırılma);
- karyera pilləsi ilə irəliləmə;
- fəaliyyətin genişləndirilməsi (yeni vəzifə sahəsi);
- fəaliyyətin digər vakansiyalara keçirilməsi;
- yeni texnologiyaların tədrisi (seminarların, dəyirmi masaların, təlimlərin təşkili);
- peşə bacarığının artırılması üçün cəhdləri həvəsləndirmək;
- əlavə boş vaxtın ayrılması (nahar fasiləsini nəzərə almadan);
- əyləncə gecələrinin, banketlərin, kollektivlə təbiətin qoynuna səfərlərin təşkili…
Özünüzü çalışdığınız şirkətə (təşkilata) lazım olduğunuzu hiss etmək vacibdir.
Rəhbərliyin sizə diqqət yetirməyi və əməyinizi yüksək qiymətləndirməsi sizə xoşdur. Bu yaxşı və düzgün motivasiyadır.
”Peşə yanmasının” ən effektiv müalicəsi və bu xəstəliyin profilaktikası əlbəttə ki, akademik ödənişli məzuniyyətdir (ingl. sabbatical). Ağıllı rəhbər tərəfindən yaxşı işçiyə bir il istirahət imkanı verilməsi ədalətli olardı. Əgər o şirkətdə beş ildən artıq çalışmışsa və şirkətə faydalı olmuşsa, nə üçün ona səyahətə çıxmaq, kitab oxumaq, təbiətdən enerji toplamaq və yeni təəssuratlar yığmaq, və ən əsası işə və iş yoldaşları üçün darıxmaq imkanı verilməsin?! Və bu bütün gənc işçilər üçün necə də əla stimuldur! Lakin bu – “ideal” sırasındandır və bizim ölkədə bu barədə ancaq xəyallarda arzu etmək olar.
Və ümumiyyətlə, bizim “sağalmağımızla” kimin isə məşğul olacağına ümid etmək olarmı?! Biz çoxdan öz gücümüzə arxayın olmağa adət etmişik və Simurq quşu kimi özümüz yenidən küldən qalxacağıq.
Volterin yazdığı kimi: “İşlər heç vaxt böyük zəhmətsiz olmur”. Və buna görə bizə çətinliklərdən qorxmağa dəyməz!
Bərpa olmaq üçün mümkün olan hərəkətlər:
- oyanmaq (“ayılmaq”, “özünə gəlmək”);
- öz “diaqnozunu” başa düşmək və sakit qəbul etmək;
- bəxtəvər olmağınızı unutmayın (bu gün çoxları sizin yerinizdə olmaq istərdi);
- ”sağalmaq”, “bərpa” arzusu;
- daim işinizin müsbət cəhətlərini axtarın (məsələn, sosial paketin olması, əmək haqqının vaxtında verilməsi…);
- asudə vaxtınızı rəngarəng etmək mümkündür və lazımdır, bunun üçün öyrənmək və məşğələlərə (rəqsə, dillərə, dayvinqə…) getmək lazımdır, bunun sayəsində eynilik həyatınızdan yox olacaq;
- peşə təhsilinin davamı (kurslar, ikinci ali…);
konkret məqsədlərin olması, öz gələcəyinizi aydın görə bilməyiniz…
Siyahıya əsas və vacib sayılan (və öz özünə başa düşünülən) üç bənd daxil olunmayıb: sağlam həyat tərzi, düzgün qidalanmaq və hər şeyin daha yaxşı olacağına inam.
Və əgər sizin bütün cəhdləriniz uğurla nəticələnməsə, ola bilsin işinizi dəyişmək vaxtı çatıb. Və bundan qorxmaq lazım deyil. Yaxşı görünmək istəyinə, işdə özünüzü yaxşı tərəfdən göstərmək, hansısa bir yarış prosesinə qoşulmaq üçün, yeni kollektiv həmişə yaxşı stimuldur. Bu insanı səfərbər edir, arzular isə düşündüyünüzü yerinə yetirmək üçün əlavə enerji verəcək.
Amma fəaliyyət sahəsini dəyişmək ciddi qərardır. Onu qəbul etməyə tələsməyin. Karyera qurmaq rahat deyil, siz isə artıq buna müəyyən qüvvə sərf etmisiz. Bunu qiymətləndirmək lazımdır. Yaxşı olardı ki, yeni məqsədləri keçmiş təcrübənizi və qazandığınız peşə səriştənizdən istifadə edərək, qurardız.
Hər şeyi atıb sıfırdan başlamağın o vaxt mənası olar ki, siz öz taleyinizi tamamilə başqa sahədə görürsünüz, öz niyyətlərinizə və qüvvənizə inanırsınız, və dəyişikliklər üçün yetişmisiz. Elədirsə, cəsarətli olun! Və uğurlar!