“Ölkə xarici və ölkə daxili müalicə xərclərinin gəlir vergisindən azad edilməsində həddin müəyyənləşməsi bu sahədə gələcəkdə nə qədər sui-istifadə hallarının olub-olmayacağını bilmədiyimiz üçündür”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
Xidmət rəisi bildirib ki, bu risk olduğu üçün limit müəyyənləşib: “Gələcəkdə bu rəqəmi artıra və azalda bilərik”.
Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirələr zamanı komitə sədri Tahir Mirkişili bu həddin aradan qaldırılmasını təklif edib.