Azərbaycan Mərkəzi Bankı (AMB) müştərinin razılığı olmadan kredit müqaviləsi şərtlərini dəyişən banklara qarşı ciddi tədbirlər görəcək. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan əhalisi banka götürdüyü krediti aldığı valyutada qaytarmalıdır: “Əgər bank müştərinin razılığı olmadan müqavilənin şərtini dəyişibsə və krediti digər valyutaya çeviribsə, bu, ciddi qanun pozuntusudur. Belə hallarda Mərkəzi Bank ciddi tədbilər görəcək”.
E.Rüstəmov qeyd edib ki, əhalinin kredit yükünü azaltmaq üçün AMB banklara kreditlərin ödəniş müddətini uzatmağı və onlar üzrə faiz dərəcələrini azaltmağı təklif edib: “Əgər banklar kreditləri restrukturizasiya etməsələr, problemli kreditlərin həcmi arta bilər”.
O, eyni zamanda dollarlaşma prosesinə toxunub: “Bunun tempi azalır və proses davam edir. Bankların bir çox müştərisi əmanətlərini dollarda saxlayırlar və hesab edirik ki, bu tendensiya dollarda qoyulmuş əmanətlərin artırılması istiqamətində davam edəcək. Əhalinin vəsaitlərini problemsiz olaraq dollara çevirməsi üçün kifayət qədər valyuta ehtiyatlarımız var. Mərkəzi Bank manatın məzənnəsini dəyişdikdən sonra manatın məzənnəsini kəskin dəyişikliklərdən qorumaq məqsədilə valyuta bazarında 1 milyard dollar həcmində intervensiya həyata keçirib”.
Trend